Braziliyanın təşəbbüsü ilə yaradılan Aclıq və Yoxsulluqla Mübarizə üzrə Qlobal Alyansa 80-dən çox ölkə qoşulub.
Azreform.info xəbər verir ki, bunu Cənubi Amerika ölkəsinin Prezidenti Luiz İnasio Lula da Silva Rio-de-Janeyroda "İyirmilik Qrupu"nun (G20) sammitinin açılışında bildirib.
"Artıq 82 ölkə, 26 beynəlxalq təşkilat, 9 maliyyə institutu, 31 qeyri-hökumət və xeyriyyə təşkilatı alyansa qoşulub", - dövlət başçısı qeyd edib.
Alyansın mətbuat xidmətinin açıqladığına görə, Rusiya, Çin, ABŞ, Afrika İttifaqı və Avropa İttifaqı da siyahıda yer alıb.
Aclıq və Yoxsulluqla Mübarizə üzrə Qlobal Alyans bu il G20-yə sədrlik edən Braziliyanın əsas təşəbbüsüdür. Onun məqsədi dünyada yoxsulluğun və aclığın azaldılmasında effektivliyini göstərən dövlət siyasəti və texnologiyalarının həyata keçirilməsi üçün təklifləri bir araya gətirməkdir.
Xatırladaq ki, noyabrın 18-dən 19-dək Rio-de-Janeyroda G20 ölkələrinin və Braziliyanın dəvət etdiyi digər ölkələrin liderlərinin iştirakı ilə G20 sammiti keçirilir. Braziliya tərəfinin məlumatına görə, tədbirdə 42 ölkə iştirak edir.