AZ

Avropanın “Milli azlıq” Konvensiyasının bizim Media qanununa nə dəxli?..

Image

Xəyal Bəşirov: “Media haqqında və QHT-lər haqqında qanunların bu məsələ ilə heç bir əlaqəsi yoxdu”

Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin Beşinci Rəyində Azərbaycanla bağlı əsassız yanaşmanın yer aldığı məlumdur. Məşvərət Komitəsi Media haqqında və QHT-lər haqqında qanunlara yenidən baxılmasına dair çağırış edib. 

Söhbət Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının hesabatından gedir ki, orada Məşvərət Komitəsi Media haqqında və QHT-lər haqqında qanunlara yenidən baxılmasına dair çağırış edir. Məşvərət Komitəsi bu iki qanunda dəyişikliklər edilməsini istəyir. Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına Azərbaycanda media və QHT-lər haqqında qanunun nə dəxli var? Milli Azlıqlar haqqında konvensiyanın media və QHT-lər haqqında qanunlarla nə əlaqəsi var ki, bunlar belə bir çağırış ediblər?

“Gürcüstanda  atdıqları addımları Azərbaycanda QHT-lər və media üzərindən ata bilmədikləri üçün   ölkəmizə qarşı belə qərəzli çağırışlar edirlər”  

Siyasi Hüquq və Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı müxtəlif istiqamətlərdə, o cümlədən də milli azlıqların müdafiəsi məsələsində bu və digər şəkildə aidiyyəti olmayan, əsassız, qərəzli, ittiham dolu çağırışlar edirlər. “Azərbaycana qarşı qərəzli və əsassız bəyanatlar səsləndirirlər. Nə oldu, İkinci Qarabağ müharibəsinə qədər Azərbaycanda etnik azlıqlarla bağlı məsələyə yaxından uzaqdan toxunulmurdu, ölkəmizdə bu istiqamətdə nöqsan axtarılmırdı, amma İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra bəzi beynəlxalq institutların və bəzi dövlətlərin yadına etnik azlıqlıqların hüquqlarının müdafiəsi məsələsi düşdü? Bir atalar sözü var: “Ayının min oyunu bir armudun üstündədir”. Yəni Azərbaycanın qələbəsini, öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsini və bunun fonunda Cənubi Qafqazda formalaşan yeni reallıqları qəbul etmək istəmirlər. O reallıqlar ki, tarixi ədalətə əsaslanır, bu regionda uzun illər mövcud olan ədalətsizliklərin aradan qaldırması amilini özündə ehtiva edir. Onu qəbul etmək istəməyən qüvvələr, təbii ki, əllərində bayraq etdikləri bəzi əsassız ittihamlarla Azərbaycana qarşı hücuma keçirlər. Əllərində bayraq tutduqları məsələlərdən biri də Qarabağda yaşamış və Azərbaycanı könüllü şəkildə tərk etmiş  bir neçə min ermənin “hüquqları” ilə bağlıdır ki, bu yöndə canfəşanlıq edirlər. Halbuki, o ermənilərlə bağlı hər hansı bir hüquq pozuntusundan söhbət gedə bilməz və orada onların səsləndirdiyi ittiham dolu əsassız məsələlərə yol verilməyib. Əksinə, həmin o institutlar, o dövlətlər Qərbi Azərbaycandan, indi beynəlxalq səviyyədə Ermənistan ərazisi sayılan İrəvandan, Mehridən və digər ərazilərdən yüzminlərlə azərbaycanlı etnik təmizlənməyə, deportasiyaya, qanunsuz köçürülməyə məruz qalanda, evlərindən-ocaqlarından məcburi şəkildə, onlara qarşı cinayətlər işlədilərək, həyatları üçün təhlükələr yaradılaraq qovulanda heç zaman etnik təmizləmədən danışmadılar. Yaxud Birinci Qarabağ müharibəsi zamanı ərazilərimizin 20 faizi işğal ediləndə və həmin ərazilərdən 1 milyona yaxın insanımız vəhşicəsinə döyülərək, öldürülərək, yaralanaraq zorla   qovulan zaman onların yadına belə məsələlər düşmürdü. 30 il ərzində işğal davam etdi, amma həmin o institutların, dövlətlərin birinin də Ermənistana qarşı bir bəyanatının, bir çağırışının, bir sənəd qəbul etməsinin, bir iclasın təşkil edilib müzakirələr aparılmasının şahidi olmadıq”.  X.Bəşirov qeyd etdi ki, Azərbaycanın tarixi ərazilərindən heç bir qanunsuzluqla üzləşmədən, amma kimlərinsə oyununa gələrək köçən ermənilər ətrafında indi başqa oyunlar qurulur, təxribatçı, qərəzli kampaniyalar təşkil olunur. 

X.Bəşirov hesab edir ki, həmin qüvvələr tərəfindən indən sonra da Azərbaycana qarşı çoxlu əsassız ittihamlar səsləndiriləcək, məkrli siyasət ortaya qoyulacaq, amma bütün bunların səsləndirilməsində nə haqq, nə ədalət, nə reallıq, nə də digər əsas var. “Bunlar sadəcə beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı yanlış fikrin formalaşdırılması məqsədinə xidmət edir. Hər bir halda düşünürəm ki, Gürcüstanda  atdıqları addımları Azərbaycanda  QHT-lər və media üzərindən ata bilmədikləri üçün  ölkəmizdə qarşı belə qərəzli çağırışlar edirlər.  Azərbaycanda vətəndaş cəmiyyəti, media, xalq və dövlət birliyi mövcud olduğu üçün bunu bacara bilmirlər. Burda, əlbəttə, söhbət mütləq əksəriyyətdən gedir. Çox təəssüf ki, bizim içimizdə də bəzi xarici qüvvələrə işləyən, zaman-zaman o prosesin tərkib hissəsi olan, bəzi məqamlarda bilərəkdən, bəzən də özlərindən aslı olmayan səbəblərdən oyuna gələnlər var. Sayları az olsa da, mövcuddurlar. Amma bütün hallarda mütləq əksəriyyət dövlətin milli maraqlarımıza xidmət edən siyasəti ətrafında birləşib və belə oyunlara qarşıdırlar. 

Təbii ki, Media haqqında və QHT-lər haqqında qanunların bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, o institutlar media və QHT sahəsində qurduqları oyunları bizə qarşı oynaya bilmədiklərinə görə Azərbaycanda etnik azlıqlarla bağlı məsələni gündəmə gətirmək və onu media və QHT qanunları ilə yaxınlaşdırmağa çalışırlar. Nəyə görə? Çünki Azərbaycanda çox sayda etnik azlıq mövcuddur. Ermənistandan fərqli olaraq, Azərbaycanda müxtəlif etnik qruplar yaşayır, onlar öz dillərini, mədəniyyətlərini, dini inanclarını qoruyub saxlayırlar. Amma bildiyiniz kimi, Ermənistan monoetnik bir dövlətdir. Ermənistan monoetnik dövlət olmaq üçün zamanında çox cinayətlər törədib, qanlar töküb, yerli əhalini deportasiya edib, hüquqa zidd əməllər həyata keçirib. Amma Azərbaycan çoxsaylı etnik azlıqların, o cümlədən də erməni əsilli şəxslərin harmoniya, sülh, dostluq və əməkdaşlıq şəraitində yaşadığı bir dövlətdir. Sizə bir nümunə deyim: 44 günlük müharibə zamanı Azərbaycanın bütün guşələrindən, o cümlədən də etnik azlıqlarının kompakt yaşadığı bölgələrimizdən gənclərimizin dövlət, Vətən, torpaq uğrunda, torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını  necə fəda etdiyinin, canlarından keçdiyinin şahidi olduq. Bu məsələdə dünyada bir nümunə ortaya qoyduq. Bu da uzun illər Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasətin nəticəsidir ki, istənilən etnik qrupa aid olan, Azərbaycan vətəndaşı olan bütün gənclərimiz   o müharibədə dövlətimizin, ordumuzun, dövlət rəhbərinin ətrafında birləşib bir hədəfə vurdular. Bu da həmin o qüvvələri narahat edir. Ona görə də belə qondarma çağərışlar edir, uydurma ittihamlar səsləndirirlər”. 

Bu qurumun Qarabağdan köçüb getmiş erməniləri əllərində bayraq etdiyini deyən X.Bəşirov bildirdi ki, onlar Azərbaycanın daxilində guya etnik azlıqlarla bağlı problem olması görüntüsü yaratmaq istəyirlər, əlbəttə, burada müxtəlif qüvvələrin oynuna gələn erməniləri əsas götürməyə çalışırlar. X.Bəşirov qeyd etdi ki, o ermənilərə Azərbaycan dövləti çağırış etdi, “Azərbaycanı tərk etməyin, qalın Azərbaycan vətəndaşı kimi yaşayın” dedi, onların Azərbaycan vətəndaşlığını qəbul etməsi üçün qanunauyğun şərtlərini qəbul etmələri ilə bağlı təşəbbüs irəli sürdü, amma onlar bu çağırışa fikir verməyib ərazilərimizi tərk etdilər, çünki onlar hansısa oyunların tərkib hissəsi olmağa üstünlük verdilər. 

X.Bəşirov hesab edir ki, sözügedən Komitə bu amildən istifadə edib Azərbaycana qarşı hücuma keçmək istəyir, amma indiyə qədər Azərbaycana qarşı hazıladıqları digər planlar kimi bu planları da uğursuzluğa düçar olacaq: “Onlar Azərbaycan üzərində belə təxribatçı planları həyata keçirə bilməyəcəklər”.

İradə SARIYEVA 





Seçilən
30
50
baki-xeber.com

10Mənbələr