AZ

BMT-nin qətnaməsi nələri hədəfləyir?..

1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində mülki şəxslər, uşaqlar və qadınlar da daxil olmaqla 4000-ə yaxın, 2020-ci ildə Vətən müharibəsi zamanı isə 6 vətəndaşımız itkin düşüb. Amma təcavüzkar ölkə humanitar hüquqdan irəli gələn öhdəliklərini müxtəlif bəhanlərlə pozaraq hələ də itkin düşmüş şəxslərin taleyi, həmçinin kütləvi məzarlıqların dəqiq yerləri barədə  heç bir məlumat vermək istəmir. Bir sözlə, Ermənistan beynəlxalq hüquqa, bütövlükdə insanlığa açıq-aşkar hörmətsizlik göstərir. Nə qədər qəribə olsa da kifayət qədər faktlar olmasına baxmayaraq beynəlxalq qurumlar indiyədək bu məsələdə təcavüzkara təzyiq göstərməyib, onu məsuliyyətə cəlb etməyib.

Bütün bunlara baxmayaraq rəsmi Bakı itkin düşənlərin taleyi ilə bağlı dünya ictimaiyyətinə, beynəlxalq qurumlara çağırışlar etməkdədir. Bu da bir daha Azərbaycanın itkin düşmüş şəxslər məsələsinin həllini tapması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsini prioritet hesab etməsini təsdiqləyir. 

Azərbaycan 2023-cü ildən etibarən bu məsələ ilə bağlı məlumatlılığın artırılması üçün beynəlxalq konfranslar da təşkil edir. Hətta 2024-cü il oktyabrın 2-3-də Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın Bəyannaməsi rəsmi şəkildə BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə, daha dəqiq desək, noyabrın 15-də isə BMT Baş Assambleyasının 3-cü Komitəsi tərəfindən A/C.3/79/L.35 nömrəli ”İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. (Azərbaycan 2002-ci ildən etibarən hər iki ildən bir təqdim olunan “İtkin düşmüş şəxslər” adlı  bu qətnamənin əsas həmmüəllifidir). Elə bu fakt da təsdiq edir ki, artıq beynəlxalq aləm də itkin düşmüş şəxslərin taleyini araşdırmaqda maraqlıdır. Bu isə o deməkdir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə yalnız öz problemi kimi yox, dünyanın bir sıra ölkələrinin üzləşdiyi qlobal problem kimi  yanaşır. Bu həmrəyliyi həm də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın itkin düşmüş şəxslər probleminin həlli istiqamətində səylərinə verilmiş yüksək qiymətin bariz nümunəsi kimi dəyərləndirmək olar.

Qətnamədə dünyada itkin düşənlərin sayının kəskin şəkildə artdığı və sayın 212 mindən çox olduğu, həmçinin bu məsələnin münaqişələrə son qoyulması səylərinə mənfi təsir göstərdiyi qeyd olunmaqla yanaşı, itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqlarının pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi də vurğulanır. Qətnamə silahlı münaqişə iştirakçısı olan dövlətləri insanların itkin düşməsinin qarşısını almaq, onların şəraitini müvafiq şəkildə araşdırmaq və taleyini müəyyən etmək üçün bütün lazımi tədbirləri görməyə çağırır. Hətta sözügedən sənəddə BMT Baş katibindən Baş Assambleyanın 81-ci sessiyasına (2026-cı il) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair müfəssəl hesabat təqdim edilməsi xahiş olunur. Şübhəsiz, bunu  Azərbaycan diplomatiyasının uğuru, həm də bəşəriyyətə töhfəsi kimi dəyərləndirmək olar. Xatırladaq ki,  Prezident İlham Əliyev bu məsələyə beynəlxalq müstəvidə lazımi diqqətin ayrılmasını təmin etmək üçün BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyac olduğunu vurğulamışdı. Güman etmək olar ki, qəbul edilən sənəd bu istiqamətdə  mühüm rol oynaya bilər.

Görəsən, indiyədək BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymayan, havadarlarının, xüsusilə Makron Fransasının diktəsi ilə oturub-duran, torpaqlarımızda etnik təmizləmə həyata keçirən, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salan Ermmənistan bundan bir nəticə çıxaracaqmı?  Şübhəsiz,  bu suala birmənalı cavab vermək çətindir. Bu mənada demək olar ki, həmin sualı əlahəzrət zaman cavablandıracaq. Amma bir məsələni əminliklə vurğulamaq olar ki, bu istiqamətdə araşdırmalar ikili standartlardan deyil, beynəlxalq normalar çərçivəsində aparılsa, Ermənistan törətdiyi cinayətdən yaxa qurtara bilməyəcək.  Şübhəsiz, Azərbaycanın itkin düşmüş şəxslər məsələsinin həllini tapması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsini prioritet qaydada davam etdirməsi də bu prosesdə mühüm rol oynayacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
11
6
ikisahil.az

10Mənbələr