AZ

Hindistanın planı baş tutmadı – Gözlədiyi liderlər gəlmədi

Böyük dövlətlər arasında mübarizə özünü “Böyük İyirmilər”in (G-20) Hindistanın paytaxtı Dehlidə keçirilən onlayn sammitində göstərdi. Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Baqçi bildirmişdi ki, Dehli sammitə mümkün qədər çox liderin iştirakı üçün dəvət göndərib. Hindistan Baş naziri Narendra Modi sentyabrın 9-10-da Dehlidə G-20 sammiti zamanı noyabrda liderlərin bu dəfə virtual formatda görüşünün keçirilməsini təklif etmişdi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Təhlildə vurğulanır ki, buna baxmayaraq, ABŞ Prezidenti Co Bayden və Çin sədri Si Sinpin onlayn sammitdə iştirak etməyib:

“Cinpinin iştirakdan yayınması Çinlə Hindistan arasında sərhəd məsələslənin həll olunmamasıyla bağlıdır. İki ölkə arasındakı münasibətlərdə sualların sayı azalmayıb. Bayden isə sammitdə iştirak etməsə də, Vaşinqton Hindistanla strateji əlaqələrə xüsusi önəm verir. ABŞ Hindistana müxtəlif növ silah tədarükünü artırıb.

Rusiya Prezidenti Vladimir Putin isə əksinə, onlayn sammitə qatılaraq müxtəlif məsələlərlə bağlı fikirlərini bildirdi. Halbuki Putin Dehlidə sentyabrda keçirilən sammitə qatılmamamışdı. Putin onlayn sammitdə hətta onu da dedi ki, müharibələrin əleyhinədir, Ukrayna ilə danışıqların başlanılmasının tərəfdarıdır. Ancaq danışıqların başlaması üçün Rusiya ordusu Ukrayna ərazisini tərk etməlidir. Putin buna hazır deyil.

Modi qısa zaman kəsiyində Dehlidə iki sammit keçirməklə beynəlxalq aləmdəki problemlərin həllində irəliləyişə ümid edirdi. Problemlər həll olunmasa da, fikir mübadiləsi davam edir. Ən mürəkkəb problemlərdən biri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin davam etməsidir. Ancaq Dehlidəki sammitlərin yekun bəyanatlarında bu müharibəyə toxunulmadı. Bu ona görə baş vermədi ki, bəyannamədə Rusiya-Ukrayna müharibəsiylə bağlı bəndin salınması liderlər arasında ciddi ixtilafa səbəb olacaqdı və bu halda yekun sənəd qəbul edilməyəcəkdi. Modi isə sammitin bu şəkildə yekunlaşmasını istəmirdi”.

Təhlildə qeyd olunur ki, Hindistanın sədrliyi ilə 12-13 oktyabr tarixlərində Mərakeşdə “Böyük İyirmilər”in maliyyə nazirlərinin və Mərkəzi Bank rəhbərlərinin görüşü də keçirilib:

“Liderlər beynəlxalq aləmdəki müharibə və gərginlikləri müzakirə etsələr də, dünya iqtisadiyyatını da unutmur, inflyasiya ilə mübarizənin vacibliyini nəzərə alırlar. İqtisadi sabitlik böyük dövlətlər üçün vacibdir. Təsadüfi deyil ki, Modi onlayn sammitdə çıxışında regional münaqişələr və Qəzzada müharibənin dayandırılmasıyla yanaşı, dünya iqtisadiyyatının problemləri barədə də fikirlərini bildirib.

Gələn ildən “Böyük İyirmilər”ə Braziliya sədrlik edəcək. Braziliya da Hindistan kimi siyasi-iqtisadi çəkisini artırmağa çalışır”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
541
50
teleqraf.com

10Mənbələr