ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp istefada olan general Keyt Kelloqu özünün Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə irəli sürüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yeni dövrdə formalaşdıracağı kabinet üçün təyinatlarını elan etməyə davam edir.
Sosial media platforması "Truth Social" hesabında açıqlama verən Tramp Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəliyə namizədini də açıqlayıb. Tramp qeyd edib ki, o, yeni qurulan bu vəzifəyə əvvəlki prezidentliyi dövründə onun kabinetində olan istefada olan general Keyt Kelloqun namizədliyini irəli sürüb.
Kelloq 2018-2021-ci illərdə o vaxtkı vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışıb. ABŞ-ın yeni seçilmiş prezidenti Tramp vəzifəyə başlayan kimi Rusiya-Ukrayna müharibəsini bitirmək üçün addımlar atacağını açıqlayıb və bu müharibənin daha da uzanmasını istəmədiyini bildirib.