“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda inşa edilən “Bərgüşadçay” yedək gəmisi istismara verilib. Gəmi Xəzər Dəniz Neft Donanmasının balansına verilib. Bu barədə XQ-yə ASCO-dan məlumat verilib.
Bildirilib ki, uzunluğu 24,72 metr, eni 6,60 metr, bortunun hündürlüyü 3 metr olan gəminin suya oturumu 1,6 metr, dedveyti isə 14 ton təşkil edir. “Bərgüşadçay” yedək gəmisi 9 uzel sürətlə hərəkət edə və göyərtəsində 3 tonadək yük daşıya biləcək. Təmir zamanı gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir avadanlıqlar quraşdırılıb. Buraya stasionar VHF radiostansiyası, qəza radiomayakı, radiolokasiya cavabvericiləri, əl radiostansiyaları, avtomatik identifikasiya sistemi, komanda yayım qurğusu, maqnit kompası və radiolokasiya stansiyası daxildir. Gəminin layihəsi isə ASCO “Mühəndislik” MMC-nin əməkdaşları tərəfindən hazırlanıb.
Xatırladaq ki, “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda peşəkar gəmi təmiri və dəniz mühəndisliyi xidmətləri ilə yanaşı, 2017-ci ildən etibarən müvafiq sertifikatlaşdırma əsasında müxtəlif növ su nəqliyyatı vasitələrinin tikintisi də həyata keçirilir.