AZ

Lionel Messi “Barselona” ilə bağlı xatirələrini paylaşdı

“İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi bir vaxtlar “Barselona” akademiyasında əldə etdiyi təcrübədən danşıb.

Arena.az məlumat verir ki, 37 yaşlı veteran futbolçu bu barədə “3Cat” “YouTube” kanalında söhbət açıb:

“La Masiya” (“Barselona”nın akademiyası – redaktorun qeydi) mənim üçün çox şey deməkdir. 13 yaşımdan bu akademiyada yaşamışam, orada Argentinadakından daha çox vaxt keçirdim. “La Masiya”da mənə aşılanmış dəyərlərlə böyüyüb boya-başa çatdım. Bu təcrübə məni həm oyunçu, həm də bir insan kimi təsis etdi”, deyə “Leo” vurğulayıb.


“Biz meydana artıq qalib gələcəyimizi bilə-bilə daxil olurduq”

Messi həmçinin “Barslona”nın heyətində çıxışı zamanı ən xoş xatirəsi və “blauqrana”nın heyətində açar məqamla bağlı sualları cavablayıb:

“Barselona” ilə bağlı sevimli xatirəm? Altı kubok qazandığımız il (2009-cu il – redaktorun qeydi). Onda bütün komanda bu axından – məşqdən, oyunlardan həzz alırdı. Hər gün. Biz meydana artıq qalib gələcəyimizi bilə-bilə daxil olurduq – yeganə sual bunun hansı hesabla olacağı idi. Bu, həqiqətən də gözəl bir il idi.

Açar məqamla bağlı yalnız bir xüsusu isə seçmək çətindir – mən bunu seçməyi başqa birinə həvalə edərdim. Amma yalnız bir məqamı seçməli olsam, o zaman debütümü deyərəm. Məsələ, Argentinadan köçəndə verdiyim qurbanlardır. Bu an üçün həyatımı tamamilə dəyişdim, ona görə də bunu ən vacib məqam hesab edirəm”, deyə “Leo” vurğulayıb.

Xatırladaq ki, Messi 2003-2021-ci illər aralığında “Barselona”nın uğurları üçün çalışıb. “Leo” “baluqrana”nın heyətində 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə verib.
Messi “Barselona” ilə bütün mümkün ali klub yarışlarında dəfələrlə qalibiyyətlər əldə edib, şəxsi və klub rekordları müəyyənləşdirib.

“Leo” 2021-ci ildə “Barselona”dan azad agent qismində ayrılaraq, PSJ-yə keçib.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 23 qol vurub və 13 məhsuldar ötürmə verib.

Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 39 oyun, 34 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Seçilən
5
6
arena.az

10Mənbələr