Ötən gecə Gürcüstan paytaxtı Tbilisidə etirazçılarla polis arasında növbəti qarşıdurma yaşanıb.
“AzPolitika”xəbər verir ki, xarici mediada və sosial şəbəkələrdə gürcü polisinin əhaliyə qarşı zorakılığını əks etdirən kadrlar yayımlanıb. Bəzi kadrlarda polisin hədsiz güc tətbiq etdiyi və qəddarlığa yol verdiyi aydın görünür.
Tbilisidə dünən etirazçılar yenə mərkəzi prospektdə toplaşıb. Gürcüstanın tərkib hissəsi olan Acarıstanda da toqquşmalar baş verib. Nümayişçilər Tbilisidə parlamentlə yanaşı, hakim “Gürcü arzusu” partiyasını da hədəf alıblar. Partiyanın ofisinə yumurta və digər əşyalar atılıb. Qeyd edək ki, məhz bu partiyanın nəzarətində olan hökumət Gürcüstanın Avropaya inteqrasiyasından imtina etmək qərarına gəlib və buna görə bütün ölkədə etirazlar başlayıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə ötən gecə keçirilən etiraz aksiyasında 107 nəfərin saxlanıldığını bildirib. Saxlanılanların hamısı polisin əmrinə tabe olmamaqda və xırda xuliqanlıqda ittiham olunur. Daxili İşlər Nazirliyi etirazın “qanunla müəyyən edilmiş normaları dəfələrlə aşdığını” bildirir. Açıqlamada deyilir ki, gecə boyu etirazçılar polisə şifahi və fiziki müqavimət göstərib, onlara müxtəlif əşyalar, daşlar, şüşə butulkalar, pirotexniki vasitələr atıblar.
Daxili İşlər Nazirliyinin 10 əməkdaşı yaralanıb. Ancaq nazirlik polisin hərəkəti nəticəsində xəsarət alan nümayişçilərdən və jurnalistlərdən danışmır. Media aksiya iştirakçılarının döyülməsinə dair çoxsaylı faktlar qeydə alıb.
Rustaveli prospektində keçirilən aksiyanın dağıdılması təxminən 7 saat davam edib. Təhlükəsizlik qüvvələri su şırnaqlarından, qaz kapsullarından, bibər qazından və digər xüsusi vasitələrdən istifadə edib. Nümayişçilər polisdən Kaşveti kilsəsinə, 24 saat işləyən aptek və supermarketlərə, metronun foyesinə sığınıblar. Səhərə yaxın təhlükəsizlik qüvvələri nümayişçiləri “Rustaveli” metro stansiyasına sıxışdıraraq onları mühasirəyə alıb və həbslərə başlayıb. Gürcü mediası çoxlu xəsarət alanların olduğunu bildirir.
Xatırladaq ki, noyabrın 28-i axşam Gürcüstanda Baş nazir İrakli Kobaxidzenin məlum bəyanatından sonra genişmiqyaslı etiraz aksiyaları başlayıb. O, ölkənin Aİ-nin bütün büdcə qrantlarından imtina etdiyini deyib və Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqların 2028-ci ilə qədər gündəmdən çıxarıldığını açıqlayıb.
“AzPolitika.info”