Bu gündən etibarən Bakı metrpoliteninin "Həzi Aslanov" stansiyası təmir ediləcək. Təmir-bərpa işlərinin 2 il müddətinədək davam edəcəyi gözlənilir. Buna baxmayaraq metro ərazisində qatarların hərəkət qrafikini göstərən lövhələrdə " Həzi Aslanov" yazısı qalmaqdadır.
Bununla bağlı Modern.az-a açıqlama verən Bakı metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, lövhələrdə sabahdan etibarən bütün stansiyalarda "Həzi Aslanov" yerinə "Əhmədli" yazısı öz əksini tapacaq.
B.Məmmədov həmçinin bildirib ki, insanlar arasında yayılan "Həzi Aslanov" metrosunun bağlanması xəbəri doğru deyil:
"Qatarların hər biri "Əhmədli" stansiyasına qədər hərəkət edəcək. Lakin "Həzi Aslanov" stansiyası fəaliyyətdə olacaq. Qatarlar "Cəfər Cabbarlı" - "Xətai" stansiyaları arasında olduğu kimi məkik hərəkət edəcək. Yəni qatarlar "Həzi Aslanov" - "Əhmədli" arasında dövrə vuracaq" - deyə o bildirib.
Mənbə: oxu.az