Rusiya ilə müharibə başlasa, bu, Avropa Birliyi məkanında daxili düşmənçiliklərin yenidən alovlanmasına münbit şərait yarada bilər... Avropada "üstü örtülmüş" tarixi milli-etnik ziddiyyətlər isə yaxın gələcəkdə "qoca qitə" ölkələrinə həm də dağıdıcı vətəndaş müharibələri də vəd edir...
Azreform.info "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşının inkişaf istiqamətləri qlobal müharibə əlamətləri ilə yüklənməyə başlayıb. Hər halda, hazırda beynəlxalq siyasi iradə mərkəzləri bu savaş poliqonu ətrafında yaranmış situasiyanın artıq nəzarətdən çıxmaq üzrə olduğunu açıq şəkildə etiraf edirlər. Xüsusilə də, Bayden administrasiyası öz səlahiyyətlərinin sona çatmaq üzrə olduğu bir mərhələdə atdığı yolverilməz addımlarla bəşəriyyəti üçüncü dünya müharibəsinə maksimum səviyyədə yaxınlaşdırdığı qətiyyən şübhə doğurmur. Və bu baxımdan, dünyanın üzləşə biləcəyi yeni hərbi-siyasi fəlakətlərə görə məhz Bayden administrasiyasının məsuliyyət daşıdığını birmənalı şəkildə iddia etmək mümkündür.
Onu da qeyd etmək lazımdır ki, indi əksər beynəlxalq siyasi iradə mərkəzləri üçüncü dünya müharibəsini inkaredilməz reallıq hesab edirlər. Onların fikrincə, Rusiyanın Şimali Koreyadan həm hərbi canlı qüvvə, həm də silah-sursat dəstəyi alması qlobal savaşın real əlamətləri sırasına daxildir. Eyni zamanda, bu əlamətlərin sırasına Çinin Kremlə siyasi dəstəyi, İranın isə Rusiyaya hərbi texnika yardımları da əlavə oluna bilər. Və bütün bunlar Qərb ölkələrinin analoji davranışlarına paralellik təşkil edir.
Məsələ ondadır ki, Ukrayna savaşının başlandığı ilk gündən kollektiv Qərb rəsmi Kiyevə bütün istiqamətlər üzrə dəstək verir. NATO ölkələri Ukrayna ordusunu müasir silah-sursat və hərbi texnika ilə təchiz edir. Avropa Birliyi Rusiyaya qarşı çoxsaylı iqtisadi sanksiyalar tətbiq edir. ABŞ prezidenti Co Bayden isə hakimiyyəti Donald administrasiyasına təhvil verəcəyi ərəfədə Ukraynaya Rusiyanın dərinliklərinə raket zərbəsi endirilməsinə yönəlik qadağanı aradan qaldırır. Və bu, kollektiv Qərbin də Ukrayna ilə yanaşı, Rusiyaya qarşı savaşda iştirak etdiyini təsdiq edən məqamlardır.
Ancaq Ukrayna savaşında hər iki tərəfin dəstəkçiləri arasında üçüncü dünya müharibəsinin aktiv fazaya keçməsini istəməyən dövlətlər də olmamış deyil. Xüsusilə də, Avropa ölkələri yeni dünya savaşında maraqlı olmadıqlarını qətiyyən gizlətmirlər. Çünki tam dəqiqliyi ilə anlayırlar ki, üçüncü dünya müharibəsinin aktiv fazaya daxil olması Ukrayna savaşının daha geniş areala yayılaraq, Avropa məkanına keçirilməsi anlamı daşıyır. Və bu, o deməkdir ki, üçüncü dünya müharibəsi üçün əsas savaş poliqonu məhz "qoca qitə" məkanı olacaq.
Maraqlıdır ki, Avropa məkanı indiyə qədər artıq iki dəfə dünya müharibələrində savaş poliqonuna çevrilib. Hər iki dünya müharibəsində Avropa ölkələri dağıdıcı nəticələrlə üzləşiblər. Yəni, iki dünya müharibəsinin törədilməsi səbəb olmuş Avropa ölkələri bunun üçüncü dəfə təkrarlanmasının "qoca qitə"yə hansı fəlakətləri vəd etdiyini hamıdan yaxşı bilirlər. Və bu səbəbdən də, Avropa Birliyi ölkələri istənilən savaşın məhz "qoca qitə"dən kənarda baş verməsində maraqlıdır.
Məsələ ondadır ki, hazırda siyasi-iqtisadi böhran keçirən Avropa Birliyi ölkələri ən müasir silahlarla üçüncü dünya müharibəsinin hansı dağıdıcı nəticələrə yol açacağını tam dəqiqliyi ilə bilirlər. Üstəlik, Avropa ölkələri üzun illər ərzində dünyanın başqa regionlarında baş verən hərbi münasibətlərdən maksimum səviyyədə mənfəət əldə etməyə vərdişidirlər. Və bu müddətdə təhlükənin uzaqda olduğuna əmin olmaqla yanaşı, həm də NATO-nun "təhlükəsizlik çətiri"nə arxayın olaraq, hərbi sahəyə maliyyə vəsaiti xərcləməyə ehtiyac duymayıblar.
Ona görə də, indi üçüncü dünya savaşında aktiv fazaya keçid ərəfəsində müharibəyə qətiyyən hazır deyillər. Məcburi hazırlıq mərhələsi üçün isə ən azından 8-10 illik bir zaman İntervalına ehtiyac duyurlar. Yəni, yeni qlobal təhlükəsi Avropa Birliyi ölkələrini gözləmədikləri bir məqamda yaxalayıb. Hər halda, Ukrayna savaşı başlayarkən, Qərbdə bu hərbi münaqişənin Avropa məkanını real müharibə təhlükəsi ilə təhdid edəcəyini gözləmirdi. Və bu baxımdan, indi maliyyə-iqtisadi problemlərlə üzləşmiş Avropa Birliyi ölkələri yaxınlaşan müharibəyə hazırlıq üçün də əlavə resurslar axtarmaq məcburiyyətində qalıblar.
Göründüyü kimi, situasiya kifayət qədər qəliz xarakter daşıyır. Yəni, Qərb siyasi dairələri üçüncü dünya müharibəsinin aktiv fazasından yayınmaq şansının zaman keçdikcə, ciddi şəkildə əldən verilərək, azaldığının artıq fərqindədirlər. Eyni zamanda, bu savaşa uzun müddət davam gətirmək imkanlarının məhdud olduğunu da anlayırlar. Nəticədə Avropa məkanına aid olan dövlətlərin kollaps vəziyyətinə düçar olduğu qətiyyən şübhə doğurmur. Və üstəlik, mövcud situasiyadan çıxış yolları da əslində, o qədər də çox deyil.
Digər tərəfdən, Qərb siyasi dairələrini narahat edən təhlükələrin sırası da kifayət qədər genişdir. Belə ki, ilk növbədə Rusiyanın raket zərbələrinə Avropanın əsas hədəf olacağından şübhə edilmir. Digər tərəfdən, Avropa Birliyinin tərkibində arxa plana keçirilmiş tarixi problemlər də yenidən aktuallaşa bilər. Belə ki, Avropa Birliyi ölkələri arasında tarixən mövcud olan ziddiyyətlər mövcuddur. Üçüncü dünya müharibəsinin aktiv fazaya keçməsi müəyyən mərhələdə həmin ziddiyyətləri də yenidən qabarıq şəkildə ön plana keçirə bilər. Və nəticədə Rusiya ilə yanaşı, Avropa ölkələri arasında da hərbi münaqişələrin baş vermə ehtimalı qətiyyən istisna deyil.
Bütün bunları nəzərə aldıqda, Rusiya ilə müharibə, buna paralel olaraq, Avropa məkanında daxili düşmənçiliklərin yenidən alovlanmasına münbit şərait yarada bilər. Yəni, bu gün ortaq iqtisadi maraqların birləşdirdiyi Avropa ölkələrinin tezliklə düşmənə çevrilib, bir-birinə qarşı savaş açma ehtimalı da var. Eyni zamanda, əksər Avropa ölkələrində "üstü örtülmüş" milli-etnik zəmində ziddiyyətlər də mövcuddur. Və bu, yaxın gələcəkdə Avropa Birliyi ölkələrinə həm dağıdıcı vətəndaş müharibələri də vəd edir.