Tbilisidə Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Rustaveli prospektinin parlament binasına bitişik hissəsindən etirazçıları sıxışdırıb çıxarıb və etiraz aksiyasının bəzi iştirakçılarını saxlamağa başlayıb.
Aydın olur ki, bu gün səhər saatlarında gecə toqquşmasının bir qrup iştirakçısı metro istiqamətində kordonun yanından keçdikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onları təqib etməyə başlayıb və bir neçə nəfəri saxlayıblar. Parlament binasından uzaqlaşdırıldıqdan sonra Rustaveli prospektinin bir hissəsini tutan etirazçılar ötən gecə xüsusi təyinatlılara qarşı vaxtaşırı pirotexniki vasitələrdən istifadə ediblər. Saxlanma əməliyyatı başlayanda müxalifət tərəfdarlarının əksəriyyəti, artıq hadisə yerini tərk ediblər.
Bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi ölkə parlamentinin qarşısındakı iğtişaşlar zamanı nümayişçilərin polisə daş, yandırıcı əşyalar, şüşə və metal əşyalar atdığını, həmçinin pirotexniki vasitələrdən istifadə etdiyini bildirmişdi.
Nazirlik ötən gecə 21 hüquq-mühafizə orqanı əməkdaşının yaralandığını bildirib. Daxili İşlər Nazirliyi əlavə edib ki, aksiyalar başlayandan ümumilikdə 113 polis əməkdaşı tibbi yardıma ehtiyac duyub, onlardan dördü xəstəxanaya yerləşdirilib.
//Samir Qurbanov, Editor.az