AZ

Öz gözündə tiri görməyən Qərb Gürcüstanın gözündə çöp axtarır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Oktyabrın 26-da Gürcüstanda keçirilmiş parlament seçkisindən sonra ölkəni iki fərqli mövqeyə ayıran və hətta prosesləri qarşıdurma mərhələsinə gətirən Qərb-Rusiya istiqaməti hazırda özünün ən yüksək mərhələsinə qədəm qoyub. Son hadisələr daxili və xarici siyasətdəki istiqamətlər baxımından xüsusilə diqqət çəkir. Əslində, etiraz aksiyalarının önündə də bu iki məqam dayanır: qərbpərəst siyasət və Rusiya ilə münasibətlər.
Qərbpərəst siyasətin zəifləməsi və etirazlar
Gürcü Arzusu Partiyası hökumətdə təmsil olunmağa başlayandan Gürcüstanda qərbpərəst siyasət zəifləyib. Hətta Avropa İttifaqının rəsmi Tbilisinin mövqeyini tənqid, daha sonra Gürcüstanı təhdid etməsinə Baş nazir İrakli Kobaxidze cavab olaraq 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırdıqlarını deyib. Bundan sonra etirazçılar yenidən ayaqlandılar. Onlar kütləvi aksiyalarla Gürcüstanda hökumətin Qərblə əlaqələrini ən azından tarazlaşdırmağa çalışırlar ki, bu da qərbyönümlü siyasətin zəifləməsinin qarşısının alınması mənasına gəlir. Yaranan ziddiyyət nəticəsində ixtişaşlar qarşısıalınmaz hala gələ bilər.
Hökumətin Rusiya ilə yaxınlaşma cəhdləri
2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Gürcüstan Qərblə yaxınlaşmağı üstün tutmuşdu. Lakin 2020-ci illərdə Rusiya ilə olan gərginliklərin azalması həm iqtisadi, həm də geosiyasi mənada bəzi strateji addımların atılmasına səbəb oldu. Bu baxımdan, Gürcüstan hökuməti daxili siyasətdə və xarici əlaqələrdə Rusiya ilə qırılan bağları yenidən bərpa etməyə çalışır. Çünki Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün təkcə vizasız rejim vəd edirsə, Rusiya bu ölkənin iqtisadiyyatının əsas mənbəyini təşkil edir.
Qərbin Gürcüstandakı etirazlarla əlaqəsi
Qərb, xüsusilə ABŞ və Avropa İttifaqı, Gürcüstan hökumətinin qərbpərəst xətdən uzaqlaşmasını və Rusiyaya daha çox yaxınlaşmasını tənqid edən bəyanatlar verir. Əbəs deyil ki, bu bəyanatlar hökumətlə yanaşı, ölkə əhalisi tərəfindən də Qərbin hökumətə müdaxilə cəhdi, daha dəqiq desək, hökumətin dəyişməsi üçün zəmin hazırlamaq cəhdləri kimi şərh edilir. Çünki Gürcüstanın Rusiyaya yenidən yaxınlaşıb, Qərbdən uzaqlaşması Cənubi Qafqazda təsir dairəsi baxımından Qərbə sərf etmir. Ermənistan vasitəsilə regiona müdaxilə edən Qərb bu məqsədini intensivləşdirmək üçün Tbilisiyə ehtiyac duyur. Çünki Azərbaycan ümumiyyətlə regionda yaratdığı yeni reallıq və apardığı müstəqil siyasətlə Qərbin təsirlərini sıfıra endirib.
Gürcüstandakı daxili gərginlik və ictimai parçalanma
Gürcüstandakı ictimai və siyasi parçalanmalar bu hadisələrin mərkəzində dayanır. Ölkədə Qərbə yönəlik daha liberal yanaşma və Rusiyaya qarşı məsafəli mövqe tutan bir kəsim var ikən, digər tərəfdə xüsusilə hökumətə yaxın olanlar Qərbin xarici siyasətinə qarşı çıxırlar. Yəni Gürcüstandakı son hadisələr hökumətin daxili siyasətdə qərbpərəst xətdən uzaqlaşması və Rusiya ilə əlaqələrini gücləndirmə cəhdləri ətrafında formalaşır. Bu ictimai ziddiyyət də artıq nəzarətdən çıxan aksiyalara gətirib çıxarıb.
Nəticə
Görünən odur ki, Qərb Ermənistandan sonra Gürcüstanı da tam nəzarətə almaq üçün hazırkı aksiyalarla hakimiyyəti dəyişməyə çalışır. Bu isə Gürcüstanın milli maraqlarına tamamilə ziddir. Çünki Qərb Gürcüstanla əlaqələrinin zəifləməsindən narahatdır, bu ölkənin inkişafından və demokratik idarəsindən yox. Hətta bu kimi hallarda dəfələrlə müşahidə edilib ki, Qərbin nümayəndələri proseslərdə birbaşa iştirak edir, mitinqlərə qatılır, bir növ gedişatı idarə edirlər. Bu isə başqa bir ölkənin daxili işinə müdaxilədir. Ona görə də xalqın səsinə və seçdiyi hakimiyyətə hörmətlə yanaşmaq lazımdır. Bu baxımdan, Qərb də Gürcüstandakı hökuməti devirmək əvəzinə, özünün insan haqlarından, söz azadlığından və demokratik ənənələrdən uzaqlaşan cəmiyyətlərini düzəltsə, daha yaxşı olar. Öz gözündəki çöpü görməyib, başqasının gözündə tir axtarmağa nə hacət?
Mərahim Nəsib
Seçilən
4
5
oxu.az

10Mənbələr