AZ

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd olunub

Dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı - müstəqilliyin 53-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

SİA xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib.

Ölkəsinin yaranmasının tarixi əhəmiyyətindən danışan BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi deyib: "BƏƏ beynəlxalq əməkdaşlığın vacibliyinə inanır və həmişə hamıya fayda verən strateji tərəfdaşlıqlar qurmağa çalışır. Bu gün biz qardaş və dost ölkələrlə ikitərəfli münasibətləri gücləndirmək, sülh, sabitlik və davamlı inkişafa nail olmaq üçün beynəlxalq səyləri dəstəkləmək öhdəliyimizi təzələyirik.

BƏƏ inanır ki, regional təhlükəsizliyin gələcəyi güclü çoxtərəfli tərəfdaşlıqdan və sülhpərvər siyasi və iqtisadi vasitələrlə sabitliyə və firavanlığa nail olmaq üçün ortaq öhdəlikdən asılıdır. Birgəyaşayış BƏƏ cəmiyyətinin təməl sütunudur. Ölkə 200-dən çox milləti harmoniya içində əhatə edib. Müxtəlif mədəniyyətlər təhlükəsiz və firavan bir mühitdə birlikdə yaşayırlar".

Səfir, həmçinin Azərbaycan hökumətinə COP29 tədbirinə uğurla ev sahibliyi etməsi münasibətilə səmimi təbriklərini çatdırıb. Vurğulayıb ki, bu tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, eləcə də BƏƏ-dən 22 nümayəndə heyəti iştirak edib.

O, bu tarixi gündə BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksəksəviyyəli ikitərəfli münasibətləri təqdir edib: "Hər iki dövlət liderlərinin qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ və Azərbaycandan turist və ziyarətçilərin sayının artması, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir. Cari ilin 7 ayı ərzində BƏƏ-dən Azərbaycana gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artıb. 2023-cü ildə iki ölkə arasında qeyri-neft idxal, ixrac və təkrar ixrac da daxil olmaqla ikitərəfli ticarətin ümumi həcmi 1 milyard 641 milyon ABŞ dolları, bu ilin 10 ayı ərzində isə ikitərəfli ticarətin həcmi 80 milyon dolları ötüb".

Daha sonra çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlər dövlət başçılarımızın siyasi iradəsi və səmimi dostluğu sayəsində yüksələn xətt üzrə inkişaf edir, tərəfdaşlığımızın əhatə dairəsi genişlənir.

"Diqqətinizə çatdırmaq istərdim ki, iki ölkə arasında "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" üzrə fəal danışıqlar aparılır. Bu sənədin imzalanması iqtisadi və ticarət əlaqələrimizin inkişafına əhəmiyyətli töhfə verəcək, xüsusilə ticarətin liberallaşdırılması, sərmayə axınlarının intensivləşməsi, həmçinin mal və xidmətlər üçün bazara çıxış imkanlarının artırılması yolu ilə əməkdaşlığı daha da dərinləşdirəcək", - deyə M.Cabbarov vurğulayıb.

Nazir əlavə edib ki, dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə xüsusi əhəmiyyət veririk, məqsədimiz birgə fəaliyyətimizi daha da şaxələndirməkdir. İqtisadi əməkdaşlığımızı, xüsusən qarşılıqlı hədəflərimizə mühüm töhfə verə biləcək davamlı inkişaf və enerji təhlükəsizliyi sahələrində işbirliyini daha da genişləndirmək üçün böyük potensial mövcuddur.

2023-cü ildə Dubayda keçirilən COP28-dən sonra, bu il COP29-u Azərbaycanda keçirməyimiz, qlobal ətraf mühit təşəbbüslərinin önündə olmaq üçün göstərdiyimiz səyləri bir daha nümayiş etdirir.

"Tarixi torpaqlarımızın işğaldan azad edilməsi regional əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açıb. Azərbaycan hökuməti bu əraziləri bərpa edərək, regionu sülh və əməkdaşlıq mərkəzinə çevirməyi hədəfləyir. Ətraf mühitin qorunması bərpa və yenidənqurma işlərində əsas prioritet olaraq qalır", - deyə nazir sonda vurğulayıb.

Tədbir ziyafətlə davam edib.

Seçilən
23
4
sia.az

5Mənbələr