AZ

Bakıda BƏƏ-nin Milli Günü qeyd olunub (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Günü - müstəqilliyin 53-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

Hafta.az-ın yazdığına görə, dövlət və hökumət nümayəndələrinin, diplomatik korpusun, ictimaiyyət təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə öncə orkestrin canlı ifasında hər iki ölkənin Dövlət himni səsləndirilib.

Birləşmiş Ərəb Əmirliklərinin yaranma tarixindən söz açan BƏƏ-nin ölkəmizdəki səfiri Məhəmməd əl-Bluşi deyib ki, Əmirliklər beynəlxalq əməkdaşlıq müstəvisində hər zaman hamıya fayda verən strateji tərəfdaşlıqlar qurmağa çalışır. Ona görə də bu gün bir daha qardaş və dost ölkələrlə ikitərəfli münasibətləri gücləndirmək, sülh, sabitlik və davamlı inkişafa nail olmaq üçün beynəlxalq səyləri dəstəkləmək öhdəliyini təzələyirlər.

“Birləşmiş Ərəb Əmirlikləri inanır ki, regional təhlükəsizliyin gələcəyi güclü çoxtərəfli tərəfdaşlıqdan, sülhpərvər siyasi və iqtisadi vasitələrlə sabitliyə və firavanlığa nail olmaq üçün ortaq öhdəlikdən asılıdır. Birgəyaşayış Birləşmiş Ərəb Əmirlikləri cəmiyyətinin təməl sütunudur. Ölkə 200-dən çox milləti harmoniya içində əhatə edib, burada müxtəlif mədəniyyətlər təhlükəsiz və firavan bir mühitdə birlikdə yaşayırlar" deyən səfir, həmçinin Azərbaycan hökumətinə COP29 tədbirinə uğurla ev sahibliyi etməsi münasibətilə səmimi təbriklərini çatdırıb. Vurğulayıb ki, bu tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan, eləcə də BƏƏ-dən 22 nümayəndə heyəti iştirak edib.

Diplomat, bu tarixi gündə BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksəksəviyyəli ikitərəfli münasibətləri təqdir edib: "Hər iki dövlət liderlərinin qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ və Azərbaycandan turist və ziyarətçilərin sayının artması, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir.

Səfir bildirib ki, bu ilin 7 ayı ərzində BƏƏ-dən Azərbaycana gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artıb. 2023-cü ildə iki ölkə arasında qeyri-neft idxal, ixrac və təkrar ixrac da daxil olmaqla ikitərəfli ticarətin ümumi həcmi 1 milyard 641 milyon dolları, bu ilin 10 ayı ərzində isə ikitərəfli ticarətin həcmi 80 milyon dolları ötüb".

Azərbaycan hökuməti adından çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlər dövlət başçılarımızın siyasi iradəsi və səmimi dostluğu sayəsində yüksələn xətt üzrə inkişaf edir, tərəfdaşlığımızın əhatə dairəsi genişlənir.

"İki ölkə arasında "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" üzrə fəal danışıqlar aparılır. Bu sənədin imzalanması iqtisadi və ticarət əlaqələrimizin inkişafına əhəmiyyətli töhfə verəcək, xüsusilə ticarətin liberallaşdırılması, sərmayə axınlarının intensivləşməsi, həmçinin mal və xidmətlər üçün bazara çıxış imkanlarının artırılması yolu ilə əməkdaşlığı daha da dərinləşdirəcək", - deyə M.Cabbarov vurğulayıb.

Nazir bildirib ki, dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə xüsusi əhəmiyyət veririk, məqsədimiz birgə fəaliyyətimizi daha da şaxələndirməkdir. “İqtisadi əməkdaşlığımızı, xüsusən qarşılıqlı hədəflərimizə mühüm töhfə verə biləcək davamlı inkişaf və enerji təhlükəsizliyi sahələrində işbirliyini daha da genişləndirmək üçün böyük potensial mövcuddur. 2023-cü ildə Dubayda keçirilən COP28-dən sonra, bu il COP29-u Azərbaycanda keçirməyimiz, qlobal ətraf mühit təşəbbüslərinin önündə olmaq üçün göstərdiyimiz səyləri bir daha nümayiş etdirir” deyən nazir bildirib ki, tarixi torpaqlarımızın işğaldan azad edilməsi regional əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açıb.

“Azərbaycan hökuməti işğaldan azad edilmiş əraziləri bərpa edərək, regionu sülh və əməkdaşlıq mərkəzinə çevirməyi hədəfləyir. Ətraf mühitin qorunması bərpa və yenidənqurma işlərində əsas prioritet olaraq qalır", - nazir deyib.

Tədbir oynaq ərəb musiqisinin sədaları altında qeyri-rəsmi hissə ilə davam edib.

Seçilən
4
4
hafta.az

5Mənbələr