"Liverpul"un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının son turunda qalib gəldikləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola haqda danışıb.
QOL.az ESPN-ə istinadən xəbər verir ki, o, son 7 oyunun 6-da uduzan "şəhərlilər"in bu durumdan çıxa biləcəyini, Qvardiolanın bu işi bacaracağına inandığını qeyd edib:
"Adətən, işləri qaydasında getməyən baş məşqçilərə ürəyiniz yanır, onun uğur qazanmasını istəyirsiniz. Onların komandaları ya çoxlu matçlarda uduzur, ya da turnir cədvəlinin son pillələrində qərarlaşırlar. Amma Pep xeyli kuboklar qazanıb və dəfələrlə özünü sübut edib. Səhv etmirəmsə, "Mançester Siti" ötən mövsüm fevralda "Arsenal"dan 8 xal geri qalırdı. (sonda çempion oldular - red). Buna görə heç kimin Qvardiolaya yazığı gəlməsin. Hansısa başqa məşqçiyə yazığınız gələ bilər, amma Qvardiolaya yox. O, komandanı əvvəlki səviyyəyə qaytarmaq gücündədir".
Qeyd edək ki, "Mançester Siti" hazırda 23 xalla Premyer Liqada 5-ci yerdədir. Lider "Liverpul"un isə 34 xalı var. "Mançester Siti" bütün turnirlərdə son 7 oyununda qələbə qazana bilməyib. Komana bu görüşlərdən 6-da uduzub, 1-də isə heç-heçə edib.