1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Dövlətimizin başçısı Mövlud Çavuşoğluna Qərbi Azərbaycan İcmasının Bakıda keçirəcəyi Beynəlxalq Konfransda iştirakına görə minnətdarlığını bildirərək, bu tədbirin əhəmiyyətinə toxunub.
Mövlud Çavuşoğlu da öz növbəsində bu konfransın önəmini vurğulayıb və tədbirə dəvətə görə minnətdarlığını bildirib.
O, Azərbaycanda bu il keçirilmiş Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbriklərini çatdırıb. Eyni zamanda Azərbaycanın ev sahibliyi etdiyi COP29-un çox yüksək səviyyədə təşkil olunması ilə bağlı Prezident İlham Əliyevi təbrik edən Mövlud Çavuşoğlu bu tədbiri tarixi zirvə toplantısı kimi qiymətləndirərək, burada qəbul edilmiş qərarların böyük önəm daşıdığını vurğulayıb.
Dövlətimizin başçısı da COP29-un yüksək səviyyədə təşkil olunduğunu və əhəmiyyətini qeyd edərək, Türkiyə Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin həmin tədbirdə iştirakını bir daha yüksək qiymətləndirib və bunun COP29-un önəminin daha da artırılması işinə töhfə verdiyini bildirib. Prezident İlham Əliyev xeyli sayda dövlət və hökumət başçısının, qonaqların tədbirdə iştirakına toxunub və konfransın qərarların qəbul edilməsi baxımından çox uğurlu olduğunu deyib, COP29-un Azərbaycanın potensialını və liderlik qabiliyyətini bir daha bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Dövlətimizin başçısı bunun Türk dünyasının da növbəti bir uğuru olduğunu deyib.
Görüşdə ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası sahədə uğurla inkişaf etdiyi bildirilərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.