Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə ASAN könüllüləri ilə görüşüb. Dövlət Agentliyinin sədri görüş iştirakçılarına təbriklərini çatdırıb.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə “ASAN xidmət” mərkəzləri üzrə qeydə alınan 40 mininci könüllü – Fateh Həsənliyə təşəkkürnamə və ASAN İnnovativ İnkişaf Mərkəzinin hədiyyə təlim paketi təqdim edilib.
Sonra il ərzində fəallığı ilə seçilən 67 könüllüyə "İlin ASAN könüllüsü" nominasiyası üzrə təltiflər təqdim olunub.
Tədbir “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı ilə davam etdirilib.
“ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu prosesə 40 mindən çox könüllü gənc qoşulub. Könüllülər tərəfindən 5500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə həyata keçirilib, 3400-dən çox könüllü isə “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.