"Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri iqlim dəyişmələri və onun ətraf mühitə mənfi təsirləridir".
Teleqraf.com xəbər verir ki, bu sözləri Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Rauf Hacıyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda çıxışı zamanı deyib:
"Dünyanın bir sıra ölkələrində baş verən sel və daşqın hadisələri, torpaq sürüşmələri və digər təbiət hadisələrinin coğrafiyası ildən-ilə genişlənməkdədir. Bu da insan sağlamlığı və ətraf canlı aləmə zərərli təsir göstərməklə yanaşı, iqtisadiyyat və bizneslər üçün də ciddi risklər yaratmaqdadır.
Azərbaycan Respublikası iqlim dəyişmələrinə həssas, inkişaf etməkdə olan ölkə, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələri ilə mübarizəyə öz töhfəsini verir. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qaz emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.
Bu il ölkəmiz qlobal miqyasda metan emissiyalarının 30 faiz azaldılmasını hədəfləyən “Qlobal Metan Vədi” təşəbbüsünə də qoşulub. Bu hədəflərə nail olmaq məqsədilə son illərdə siyasi, iqtisadi və qanunvericilik islahatları aparılır".
Rauf Hacıyev deyib ki, gənc nəslin ekoloji problemlərə olan münasibətinin təqdirəlayiqdir: "Gənclərin iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakı bu günümüzün və gələcəyimizin ən böyük ehtiyaclarından biridir. Bu məqsədlə mütəmadi olaraq həyata keçirilən ekoloji maarifləndirmə tədbirləri uşaq və gənclərdə ekoloji şüurun formalaşmasına, ətraf mühitin qorunmasının əhəmiyyətinin dərk edilməsinə və onların bilik və bacarıqlarının artırılmasına töhfə verir”.