AZ

Gürcüstanın geosiyasi seçimi: Qərb və Rusiya arasında dərinləşən ziddiyyətlər – ÖZƏL

"Bir neçə ildir ki, Gürcüstanda həm daxili, həm də xarici siyasi strategiyada real dəyişikliklər özünü göstərməkdədir. Bu da təbii ki, asan proses deyil və ağrılı keçə bilər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:

"Son günlər Gürcüstanda cərəyan edən bu proseslər daxili məsələ kimi görünsə də, əslində hadisələrin ana xətti bir növ Qərb və Rusiya arasında seçim kimi də xarakterizə oluna bilər. Gürcüstanda keçiriləcək parlament seçkilərində qərbyönülmü müxalifətin məğlub olmasından sonra Gürcüstanla Qərb arasındakı ziddiyyət artan xətlə inkişaf edir. Bunun əsas səbəblərindən biri Ukraynadakı müharibə ilə bağlıdır ki, bu savaş dövlətlər qarşısına yeni öhdəliklər- öz mövqeyini göstərmək kimi məcburiyyət qoymaqdadır. Bu baxımdan da Qərbə inteqrasiya etməkdə maraqlı olan Gürcüstan neytral olmaq imkanından məhrum edilir, bu məqsədlə də anti-Rusiya təbliğatının qurbanına çevrilmək istənilir. Bundan əlavə, Rusiyaya qarşı yeni cəbhə kimi istifadə üçün təhrik edilir. Hətta Avropa Şurasına üzv dövlət kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalır. Yəni, Gürcüstan  Avropaya inteqrasiya etmək istəyirsə, o Avropa Şurasının son qiymətləndirmələrinə, monitorinq hesabatlarına, həmçinin Avropa liderlərinin tövsiyələrinə əməl etməlidir. Bu da Gürcüstanın böyük ölçüdə azadlığını, milli maraqlarını məhdudlaşdırır və onu yaxınlığında olan Rusiya ilə üz-üzə qoyur. Bundan əvvəl isə oxşar ssenari 2004-cü ildə Gürcüstanda artıq tətbiq olunmağa çalışıldı. Belə ki, vaxtilə Mixeil Saakaşviliyə şirin vədlər verildi və ölkə 2008-ci ildə Rusiya ilə qarşıdurmaya təhrik edildi. Nəticədə Cənubi Osetiya və Abxaziya itirildi. Rusiya qoşunları isə Tbilisiyə daha da yaxınlaşdı. Vədlərinə və verdiyi sözlərə əməl etməyən, Gürcüstan hökumətini avantüraya sürükləyən Qərb isə onun arxasında dayanmadı və itirən tərəf isə ölkə cəmiyyəti oldu.
Belə ki, qərbyönümlü prezidentdən fərqli olaraq, ölkədə hökumətin iradəsi sayəsində "Ailə dəyərləri və azyaşlıları qorumaqla" bağlı, eləcə də LGBT-nin təbliğini qadağan edən, eyni zamanda, xarici təsirin aradan qaldırılması ilə bağlı qanunlar qəbul edilib. Gürcüstanda yeni sistemlə keçirilən parlament seçkilərindən sonra  bu ölkədə prezident də ilk dəfə Mərkəzi Seçki Komissiyasının formalaşdıracağı Seçicilər Kollegiyası tərəfindən seçiləcək. Bundan əlavə, Gürcüstan hakimiyyəti Avropa İttifaqına  üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonuna qədər gündəliyə gətirməyəcək. Həmçinin Avropa İttifaqının da Gürcüstanla vizasız gediş-gəliş rejiminin ləğvinin mümkünlüyünü müzakirə masasına gətirməsi əlaqələrin pisləşməsindən və Tbilisinin xarici siyasətindəki dəyişiklikdən xəbər verir. 
Rusiyanın və Qərbin diqqət mərkəzində olan Gürcüstanda keçirilən parlament seçkilərindən sonra qələbə qazanan "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası siyasi müstəqilliyi, sabitliyi rəhbər tutaraq, bu istiqamətdə siyasət yürüdür. Bütün qeyd olunanlar fonunda Qərbin müəyyən sanksiyalarının, təzyiqlərinin və ölkənin daxili işlərinə qarışmaq cəhdlərinin şahidi olacağıq".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
40
olaylar.az

10Mənbələr