Bu günlərdə Azərbaycanın hüquq-mühafizə orqanları daha bir cinayət əməlinin qarşını alıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, jurnalist Ramin Cəbrayılzadə(Deko)ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.
Eyni zamanda, bütün fəaliyyəti Azərbaycanın milli maraqlarına qarşı olan, Vətənimizin bütövlüyü uğrunda canını qurban edən qəhrəman oğullarımıza Şəhid deməyə dili gəlməyən və icazəsi olmayan “Meydan TV” ilə əməkdaşlıq edən Aynur Elgünəş, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Əslində kifayət qədər ağır cinayətlərdə ittiham olunan bu şəxslərin əməllərinin yekun hədəfi qanunsuz valyuta daşınması, qeyri-qanuni maliyyələşmədən daha təhlükəli və ürkəticidir.
Məqsəd şübhəsiz ki, Azərbaycanın milli maraqlara xidmət edən müstəqil siyasətindən narahat olan xarici güclərin xain ssenarilərinin icrasıdır.
Hədəf Azərbaycandakı sabitlik, inkişaf, stabillik, təhlükəsizlik, xalq-dövlət həmrəyliyidir.
Yarandığı gündən xarici dairələrin Azərbaycanla bağlı sifarişlərinin icraçısı olan “Meydan” TV(oxu: “Şeytan TV) jurnalistika pərdəsi altında hər cür qanunsuz fəaliyyətlə məşğul olub.
Ən müqəddəs dəyərlərimizə qarşı tətikçilik, ölkəni qarışdırmaq üçün dezinformasiya siyasəti, ərazi bütövlüyümüzə qarşı yönəlik düşmən maraqlarına xidmət edən materiallar bu jurnalistika pərdəsinə bürünmüş şər yuvasının fəaliyyətini xarakterizə edən əsas məqamlardır. Azərbaycanla düşmənçiliyini əvvəl yazı-pozu müstəvisində həyata keçirən bu şər yuvaları indi fəaliyyətlərini yeni mərhələyə yüksəldiblər. Qaçaqmalçılıq yolu ilə ölkəyə qeyri-qanuni valyuta gətirmək və onun ölkəmizi qarışdırmaq üçün müxtəlif planlara yönəltmək indi “Meydan” TV və onun himayə edənlərin yeni məqsədidir.
Bütün bunlar isə əslində Azərbaycan dövləti və onun hüquq-mühafizə orqanları üçün heç də yenilik deyil. Hüquq-mühafizə orqanları bundan əvvəl də “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, “III Respublika” Platforması vasitəsilə gerçəkləşdirilməyə çalışılan bu cür maliyyə maxinasiyalarının qarşısını qətiyyətlə almışdı.
Ancaq nə faydası… Plan eyni, hədəf eyni, məqsəd eyni… Ölkə daxilində və xaricində bu dairələrə xidmət edənlər yenə konkret qanunsuz əmələ görə həbs edilmiş bu şəxslərdən qəhrəman obrazı yaratmağa, söz azadlığını öz çirkin əməllərinə alət etməyə çalışırlar. İyrənc planlardan öncə hazırlanmış “dejurni” müdafiə bəyanatları və açıqlamaları yenə göylərdə uçuşur.
Əslində isə sözü, jurnalistikanı ən çox günaha batıran və cinayətə alət edən bu dairələrin bu miskin fəaliyyəti kənardan çox iyrənc görünür.
Reallıq isə ondan ibarətdir ki, eyni ssenarini indiyədək müxtəlif ölkələrdə tətbiq edənlər indi növbəti dayanacaq kimi müstəqil və milli maraqlara xidmət edən xarici siyasət yürüdən Azərbaycanı hədəf seçiblər.
Dünənə kimi Qərb tərəfindən regiondakı bütün dövlətlərə demokratiya örnəyi kimi təqdim edilən Gürcüstanın bir qədər müstəqil siyasət yürütmək istəməsindən sonra yaşadığı dəhşətli tale, ona qarşı həyata keçirilən siyasi və iqtisadi hücumlar gözümüzün önündə baş verir. Obyektivlik və ədalət hissini itirməyən hər kəs bilir ki, cəmi 1 ay öncə xalqın dəstəyini alaraq hakimiyyətə gələn mövcud iqtidara qarşı bugün küçələrdə sərt etiraz edənlər xalqdan daha çox, Qərbin media və QHT adı ilə pərdələdiyi xarici şəbəkənin təsir dairəsin olan qüvvələrdir.
Azərbaycan dövləti və cəmiyyətinin isə fikri yekdildir. Biz Böyük Zəfər qazanmış ölkənin vətəndaşları olaraq, ölkəmizi bu xain və təhlükəli ssenarilərə təslim etmək, qanımız-canımız bahasına əldə etdiyimiz sabitliyimizi kimlərinsə iyrənc məqsədlərinə qurban vermək niyyətində deyilik.
Fərid Şahbazlı
Siyasi şərhçi