Bütün insan hüquq və azadlıqlarının təmin edildiyi, medianın, sosial şəbəkələrin sərbəst fəaliyyət göstərdiyi ölkəmizdə müzakirə edilən məsələlər barəsində müxtəlif fikirlərin səsləndirilməsi normal haldır. Lakin yersiz iddialarla çıxış edərək gerçəkləri görməyənlərə və saxta vətənpərvərlik edənlərə bir neçə prinsipial məsələ əsasında keçdiyimiz yolun bəzi səhifələrini, dövlətimizin gördüyü ən mühüm işlərdən bəzilərini, millətimizin və dövlətimizin haradan haraya gəldiyini xatırlatmağı vacib hesab edirəm.
Birincisi, ərazisinin 20%-i işğal edilən və ağır vəziyyətdə çadır şəhərciklərində yağışın və qarın altında yaşayan 1 milyon nəfərdən çox qaçqın və məcburi köçkünün olduğu bir şəraitdə Azərbaycan dövlətinin gördüyü işləri yada salaq. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti məcburi köçkünlərə dövlət büdcəsi hesabına evlər, mənzillər, yaşayış yerləri verərək çadır şəhərciklərini ləğv etdi, sosial problemlərini həll etdi, yardımlar, müavinətlər verdi, övladlarının təhsil haqqını dövlət büdcəsindən ödədi və s. Millətsevər siyasət, sosial sahədə tarixi işlər həyata keçirildi. Bununla paralel olaraq bütün xarici təzyiqlərə baxmayaraq güclü dövlət quruldu, müasir ordu yaradıldı, məktəblər, xəstəxanalar, yollar tikildi. Dövlət və millət torpaqların işğaldan azad edilməsindən ötrü hazırlandı. Görülən işlərin hamısını sadalamaq və statistik rəqəmləri söyləmək çox zaman aparar. Bunları görməməyin və dərk etməməyin adı nədir?
İkincisi, Ermənistanın işğalı altında qalan ərazilərimizi Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz və millətimiz ədalətli, azadlıq xarakteri daşıyan Vətən müharibəsində təkbaşına, öz gücünə azad edərək əsrlərdən bəri bəzi dövlətlərin və qruplaşmaların əleyhimizə qurduğu planları vurub dağıtdı, millətin üstündəki ləkəni sildi, Azərbaycanın bədənindəki çibanı kökündən kəsib ataraq problemi gələcək nəsillər üçün saxlamadı. Dövlət bayrağımız bütün ərazilərimizdə ucaldıldı, suverenliyimiz tam bərqərar edildi. Millətimizin arzuları gerçəkləşdirildi. Ağır xərclər tələb edən müharibənin koronovirus pandemiyası ilə eyni vaxta düşməsinə baxmayaraq Azərbaycan vətəndaşlarına müavinətlər, yardımlar verildi. Azərbaycan dövləti hər iki cəbhədə qalib gəldi. Başqa bir ölkədə rast gəlinməyən bu nümunəni görməməyin və dərk etməməyin adı nədir?
Üçüncüsü, Ermənistanın işğalı altında olarkən tamamilə dağıdılmış və yerlə-yeksan edilmiş əraziləri heç bir dövlətin və beynəlxalq təşkilatın yardımı olmadan təkbaşına, öz vəsaiti hesabına yenidən quran Azərbaycan dövləti bu dəfə keçmiş məcburi köçkünlərə müasir şəhər, qəsəbə və kəndlər tikərək dövlət hesabına evlər və mənzillər verir. Onlar planlı şəkildə dədə-baba torpaqlarına dönürlər. Bunlar dövlətimizin iqtisadi-maliyyə, sosial siyasətinin düzgünlüyünü, hər bir məsələnin dəqiq düşünülərək həyata keçirildiyini göstərir. Keçmiş məcburi köçkünlərimizə təcavüzkar Ermənistanın uzun illər boyu tapdağında olmuş və dağıdılmış qəbiristanlıqlarda dədə-babalarının məzarlarını ziyarət etmək nəsib olub. Bunları görməməyin və dərk etməməyin adı nədir?
Dördüncüsü, qonşu ölkələrdə və yaxın regionlarda baş verən hadisə və proseslərə baxmaqda fayda vardır. Ermənistanın bu günkü vəziyyəti kağız üzərində müstəqil dövlət olmağın, başqalarının ardınca sürünməyin ən bariz nümunəsidir. Dövlət müstəqilliyi bərpa edildikdən sonra yürüdülən bəzi yanlış siyasətlər Gürcüstanın ərazilərinin itirilməsinə gətirib çıxartdı. Davam edən Rusiya-Ukrayna savaşında, Yaxın, Orta Şərqdə baş verən qanlı hadisələrdə şəhər, qəsəbə və kəndlər viran olur, insanlar Allahın verdiyi ali hüquqdan - yaşamaq hüququndan məhrum edilirlər. Azərbaycan isə insanın təhlükəsiz yaşaması üçün ən etibarlı ölkədir. Bu gün Azərbaycan vətəndaşı gecələr evinin qapısını, darvazasını bağlamadan yata, sutkanın istənilən saatında ölkənin bir başından çıxıb digər başına rahat bir şəkildə gedə, övladını tək məktəbə yola sala bilir. Azərbaycan millətini ağır bəlalardan qurtaran bu siyasəti görməməyin və anlamamağın adı nədir? Yolları millətimiz tərəfindən bağlanmış həmin şəxslər Azərbaycanı Yaxın, Orta Şərqdəki kimi qanı axan ölkə olaraqmı görmək istəyirlər? Bunları görməyənlərə gözlərindəki hər şeyi qara görən gözlüyü çıxarmağı, gerçəkləri görməyi, gördükdən sonra dərk etməyi tövsiyə edərdim.
***
Həlli mümkün olmayan hesab edilənləri mümkün edən dövlət və siyasi xadimlər dahilər olurlar. Azərbaycan xalqı üçün həlli mümkün olmayan hesab edilənləri mümkün edən məhz Prezident İlham Əliyevdir. Millətimiz isə xəyallarını gerçəkləşdirən Haqq, Ədalət yolu ilə gedir...
Musa Qasımlı,
Milli Məclis sədrinin müavini