AZ

“Qərbin “kamikadze”ləribombadan ayrılır...”

Bəzən Qərbin “beyin institutları” və ya “Qərb təmayülü” haqda ağızdolusu danışanlar ya məlum həqiqətləri gerçəkdən anlamırlar, ya da özlərini sadəcə anlamazlığa vururlar. Ki, həmin institut və təmayüllərin əksəriyyəti əslində “siyasi kamikadze” istehsal edən yuvalar, xüsusi xidmət orqanlarının birbaşa nəzarəti altında fəaliyyət göstərən qurumlar, dünya xəritəsinin (öz xeyirlərinə) yenilənməsi üçün nəzərdə tutulan və ortalığa buraxılan “qan çanaqları”dır.

Bölgədəki hadisələr sizə nəsə demirmi? Yoxsa Gürcüstanın sadəcə “xarici agentlər” haqda bir qanun və Avropa Birliyinə inteqrasiya prosesində yaranmış olan səngiməyə görə qarışdığını düşünürsünüz? Bəlkə o qənaətdəsiniz ki, Bəşər Əsədin məğlubiyyəti Rusiyanı zəiflədə, Ukraynanı dirildə biləcək? Ya da sadəlöhvcəsinə o fikrə köklənmisiniz ki, Ermənistanın silahlan(dırıl)ması yalnız müdafiə tədbiridir və bahalı raketlər də ancaq sərgidə nümayiş üçün alınır?

Xeyr, əzizlərim. Heç nə səbəbsiz, plansız və rabitəsiz deyil. Okeanın o tayında 21-ci əsrin “barbarossa planı” çoxdan hazırlanıb və indi də bəlli, riyakar qüvvələr onun icrası ilə məşğuldurlar. Üstəlik, Qafqaz bölgəsi eramızın bütün dövrlərində və formasiyalarında olduğu kimi yenə “böyük güc”lərin əsas hədəfindədir və bu minvalla ətrafımızda qərarlaşan dövlətlər ya tam, ya da yarım işğal edilib. Bircə qalıb Azərbaycan, ona da milyon cəhd üzərindən diş batıra bilmədikləri üçün çox qıcıqlıdırlar.

Son prezident seçkilərində xalqın İlham Əliyevə misilsiz dəstəyi həmin qüvvələrə ilk naqdaunu yaşatdı. Daha sonra “araşdırmaçı jurnalistika” adı ilə ortalığa atılan və “Xədicəbank”dan aybaay qidalanan emissarlardan bəhrələnməyə çalışdılar. (O bank ki, son “müştərilər”i  iki gün öncə ifşa edilib) Və...nəhayət, ən axırda politoloq qiyafəli, səliqə ilə geyin(diril)ən, bəlağətlə danış(dırıl)an kuklalar meydana dövr edildi və həmin kuklalar üzərindən aqressiv-narazı elektorata davamlı mesajlar ötürüldü. (Yeri gəlmişkən, “ana kukla” deyəsən bu gün “ilişib”)

Hə, lap unutmuşdum, arada “kukla teatrı”nın rejissorları öz ssenarilərinə ekspromt dəyişikliklər də edir, hansısa kuklanın özünün və ya ailə üzvünün ölkədən çıxışına guya siyasi motivlərdən dolayı qadağa qoyulduğunu da ictimai rəyə “yedirtməyə” çalışırdılar.  

***
Çoxmu ağıllı hesab edirsiniz özünüzü?!  

Dekadı, dekodu, nədi, bilmirəm, 12 il boyunca köşə başına 12 manat alsın və bir də baxsın ki, bank hesabına təsadüfən 38 min avro oturub, hə?

“Toplum TV” də, “məclisinfo” da, ilana zəhər verən digər kərtənkələ yuvaları da eyni əldən maliyyələşsin, eyni kvartalda peydahlansın, eyni yerdən yönəldilsin, eyni mənbədən tezisləşsin, amma sonra qayıdıb deyəsiz ki, jurnalistik və bizim həbsimiz insan hüquqlarına zərbədir, hə?

Yiyələrindən yeni təlimat almaq üçün okeanın o biri başına tələsən, hətta biznes-klass təyyarə bileti və yarım saat ərzində viza ilə təmin edilən, adını hüquq müdafiəçisi qoysa da, əslində hüquq cəlladı olan birinin qəfildən aktivləşməsi, dövlətə meydan oxuması, məhkəmə hakimiyyətini yersiz, səbəbsiz, əsassız təhqir (tənqid yox, məhz təhqir!) etməsi təsadüfdür, hə?

Ütülü, “jele”li, sancaqlı oğlan 6 aydan sonra qəfil ortalığa çıxır, hər dəfəsində daha da sərtləşir, dövləti ağır ittihamlarla hədəfə alır, “patron”larının xoşuna gəlmək və aylıq “paket”indəki sıfırları artırmaq üçün vicdansızcasına hədyanlar danışır, klounluq edir və adı da olur, “müstəqil politoloq”, hə?

***
Gedin, bu sirki başqa yerdə göstərin, cənablar!
Köhnəlmiş, çeynənmiş, düşük “nömrə”lər artıq keçmir...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Seçilən
28
2
qafqazinfo.az

10Mənbələr