AZ

Suriyadakı hadisələr güc balansını Türkiyənin xeyrinə dəyişdi - İran "ofsaytda" qaldı - TƏHLİL

Suriya müxalifət silahlı birləşmələrinin Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücumu və daha sonra Suriya Prezidenti Bəşər Əsədin əleyhdarlarının bir neçə böyük şəhəri ələ keçirməsi Suriyanın taleyini dəyişdirən hadisə oldu. Belə ki, müxaliflərin Dəməşqə daxil olması nəticəsində Prezident Bəşər Əsəd ölkədən qaçaraq Moskvaya sığınıb.

Bundan sonra Suriyanın vəziyyəti necə dəyişəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Aqşin Kərimov bildirdi ki, Suriyadakı hadisələr, o cümlədən Bəşər Əsədin devrilərək ölkədən qaçması Yaxın Şərqdə güc balansını əsasən Türkiyənin xeyrinə dəyişən akt oldu:

"Suriya səhnəsi üzrə son hadisələrin qısa nəticəsini isə belə verərdim: İranın təsiri cilovlandı, hətta məhdudlaşdırıldı, İsrail, Türkiyə, ABŞ-nin mövqeləri uyğunlaşdırıldı. Əsəd rejiminin iki həftədən az bir müddətdə müxalifət qrupların birləşmiş cəbhəsi tərəfindən koordinasiyalı sürətli hücuma məruz qalması Yaxın Şərqdə və ondan kənarda xəritəni və güc balansını dəyişir. Buna görə də, Suriyada maraqları kəsişən və eyni dəyərdən çıxış edən bütün oyunçuların, o cümlədən ABŞ-nin, Rusiyanın və İranın yeni strategiyaya ehtiyacları olacaq. Çünki Yaxın Şərqdə hadisələri formalaşdıran xarici güclər aktual çağırışlarla üzləşib, ehtimal ki, indi bir çox oyunçu məhz Türkiyə ilə razılıq üçün uyğun rejim axtarır. Bu o deməkdir ki, Əsədin süqutundan sonra, ABŞ, Rusiya, Türkiyə, İsrail həm qarşı-qarşıya gələn tərəf, həm də uzlaşan tərəf olacaqlar. İran isə oyundankənar vəziyyətdə görünür, İsrail Suriyadan Livana hərbi təchizat marşrutu formalaşdırılmış Tehranın həmin xətlərini dağıtmağa nail oldu. Bununla İranın Suriyadakı layihəsi bitdi və bu ölkədən “Hizbullah”a silah ötürülməsi üçün əldə edilmiş imtiyazları əlindən çıxdı".  

Aqşin

Politoloqun sözlərinə görə, Suriya Demokratik Qüvvələrinin gələcəyi isə Vaşinqtonun gələcək qərarlarından asılıdır.

"ABŞ isə Suriyadakı nüfuz xəritəsini riskə atmayıb, ölkənin şimal-şərqindəki ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin gələcəyi isə Vaşinqtonun gələcək qərarlarından asılıdır. Rusiyaya gəlincə, o, Yaxın Şərqdəki güc proyeksasiyasını itirmək riski ilə üzləşib, bu, böyük ölçüdə baş verəcəksə, Moskva maraqlarında yaranan boşluqlara ABŞ və Çinin sürətlə sızması prosesi başlaya bilər. Ancaq əsas suallar budur: Rusiya indi həm dənizdə, həm də hava bazalarını itirə bilərmi?  Bu, mümkün kimi görünür, amma həmin bazalar Moskvanın Afrika və Aralıq dənizində manevr qabiliyyətinə təkan verir. Rusiya boşluq buraxarsa, o, Kremlin Afrikadakı maraqlarına böyük ölçülü mənfi təsir göstərə bilər. Ümumiyyətlə, Yaxın Şərqin spesifikasını nəzərə alsaq deyə bilərik ki, Əsədin devrilməsi ölkənin müharibədən dağılmış mənzərəsini düzəltmək ümidləri yaratsa da, sonrakı proseslər qeyri-müəyyən olaraq qalır. Bu baxımdan Suriyada yeni hökumətin qurulmasından tutmuş müxalif qrupları həmin idarəetməyə tabe etdirməyə qədər problemlər ortaya çıxa bilər". - deyə Aqşin Kərimov vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Seçilən
28
45
redaktor.az

10Mənbələr