AZ

Rusiya MÜHARİBƏDƏ GERİLƏYİR: “İqtisadi və siyasi cəhətdən zəifləmə başlayıb”

“İndiki dövrdə Rusiya həm siyasi, həm də iqtisadi cəhətdən çox zəifləyib. Artıq dünyadakı hegemonluq rolunu getdikcə itirməkdə davam edir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi ekspert Kənan Novruzov deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi onun zəifləməsinin bünövrəsidir:

“Belə ki, 2022-ci il fevralın 24-dən etibarən başlayan Rusiya-Ukrayna müharibəsinin Rusiya üçün çox böyük mənfi təsirləri var. Rusiya böyük itkilərə məruz qalmaqla yanaşı, həm də iqtisadi və siyasi cəhətdən də zəifləməyə doğru gedir. Təbii ki, Rusiya bu mənfi təsirləri azaltmaq uğurunda müxtəlif addımlar atır. Əsas addımlar isə İran, Çin və Koreya kimi dövlətlərlə əlaqələri gücləndirməkdir. O cümlədən Rusiyanın Türkiyə ilə də çox yaxşı münasibətləri var. Məhz elə bu münasibətlərlə yola çıxaraq Rəcəb Tayyib Ərdoğanın dünyada iki liderdən birinin Vladimir Putinin olduğunu qeyd etməsini də təsadüfi saymaq olmaz. Elə bu açıqlamanın özü də Ankara-Moskva münasibətlərinin çox spesifik xarakterə malik olmasını göstərir”.

Siyasi ekspert Rusiyanın Cənubi Qafqazda xüsusi aktor kimi hesab edilməsini də doğru saymır:

“Rusiyanın Cənubi Qafqazla bağlı çox da böyük bir təsiri qalmayıb. İndiki dövrdə Cənubi Qafqazda əsas aktor məhz elə Azərbaycandır. Ümumiyyətlə, regiona gəldikdə isə bu gün Türkiyənin aktuallığı daha çoxdur. Təbii ki, Rusiya Cənubi Qafqazda rəhbərlik rolunu oynamasa da, təsir imkanlarını da tam olaraq itirməyəcək. Bu da təbii ki, Rusiyanın imperialist maraqlarından və qonşu ölkələrlə sıx əlaqələrindən qaynaqlanır”.

Analitik Donald Trampın hakimiyyətə gəlməsinin Rusiya üçün təsirlərindən də bəhs edib:

“Donald Trampın hakimiyyətə gəlməsi bir növ Rusiyanın xeyrinə oldu. Bu vaxta kimi, artan nüvə müharibəsi təhlükəsi qismən azaldı. Güman edirəm ki, Donald Tramp andiçməsindən sonra Ukraynaya olan dəstəyi azaldacaq və Ukraynanı danışıqlar masasına oturmağa məcbur edəcək. Çünki Donald Tramp Cozef Baydendən fərqli olaraq Rusiya ilə münasibətdə daha loyal siyasətçidir”.

Mayıl Soltanov

Seçilən
20
24
yenicag.az

10Mənbələr