AZ

Doktorantların və gənc tədqiqatçıların elmi konfransı başladı - FOTOLAR

Bu gün Sumqayıt Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş Doktorantların və Gənc Tədqiqatçıların XXVII Respublika Elmi Konfransının (NASCO XXVII) açılış mərasimi keçirilib. 

"Cebheinfo.az" xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı və “SOCAR Polymer” MMC-nin baş sponsorluğu, bp və Nobel Energy şirkətlərinin sponsorluğu ilə keçirilir. 

Tədbirdə giriş nitqi ilə çıxış edən SDU-nun rektoru Rüfət Əzizov iştirakçıları salamlayaraq elmi konfransın rəhbərlik etdiyi ali təhsil müəssisəsində keçirilməsindən məmnunluğunu bildirib. Rektor elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb və bu istiqamətdə Sumqayıt Dövlət Universitetində aparılan yeniliklər, tədris olunan ixtisaslar və tələbə-məzunların əmək bazarındakı fəaliyyəti ilə əlaqədar görülən işlərdən bəhs edib. Diqqətə çatdırıb ki, bu gün ölkəmizin sənaye mərkəzi hesab edilən Sumqayıtın yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti bu şəhərin bilik və təcrübə mənbəyinə çevrilir. 

Tədbirdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev çıxışında artıq 27-ci dəfə keçirilən konfransın təşkilinin əhəmiyyətini vurğulayaraq, bu cür tədbirlərin elm sahəsində möhkəm və uğurlu bir ənənə formalaşdırdığını, gənc alimlərə böyük imkanlar yaratdığını qeyd edib. Ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində bir sıra mühüm və uğurlu addımlar atıldığını qeyd edən  Emin Əmrullayev bildirib ki, bu gün müasir təhsil infrastrukturunun yaradılması, universitetlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi bu sahədəki əsas prioritetlərdəndir. 

Rəsmi açılış mərasimindən sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. 

Qeyd edək ki, iki gün davam edəcək konfransa 287 tezis təqdim edilib, onlardan 251 tezis qəbul olunub. 

Konfransın keçirilməsində məqsəd doktorant və gənc tədqiqatçıların apardığı elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. 

Konfrans təbiət elmləri, İKT və mühəndislik, sosial-humanitar elmlər istiqamətləri üzrə təşkil edilib. 

"Cebheinfo.az"

Seçilən
24
7
cebheinfo.az

10Mənbələr