AZ

Sərhəddə gizli görüş: Türkiyə və Ermənistan nümayəndələri nədən danışıblar?

Ötən ay Türkiyə və Ermənistan sərhədində iki ölkənin bir sıra dövlət qurumlarının nümayəndələrinin görüşü keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri və Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan məlumat verib.

Maraqlıdır ki, daha sonra tərəflər görüşlə bağlı rəsmi məlumat yaymayıb, baxmayaraq ki, bu barədə Ermənistan mətbuatı yazıb. Bu gün Ruben Rubinyan təfərrüatları açıqlamaqdan imtina etsə də bildirib ki, Ahurik/Akyaka dəmir yolu sərhəd keçidini dəstəkləmək üçün tələb olunan texniki ehtiyaclar qiymətləndirilib. Görüş müsbət və konstruktiv atmosferdə keçib.

Noyabrın 14-də dərc olunan erməni nəşrlərinin məlumatına görə, sərhəd danışıqlarında iki ölkənin xarici işlər nazirlərinin müavinlərinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak edib. Erməni tərəfi təxminən on nəfərdən ibarət qrupla təmsil olunub. Bir neçə saat davam edən görüşdə Gümrü-Qars dəmir yolu əlaqəsinin açılması məsələləri müzakirə olunub.

Bu məlumat dərc olunan zaman Ermənistan və Türkiyənin rəsmi strukturları tərəfindən şərh edilməyib.

Qeyd edək ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında bu il iyulun 30-da keçirilən danışıqlarda Akyaka sərhəd-keçid məntəqəsində dəmir yolu stansiyasının açılması və Qars-Gümrü dəmir yolunun fəaliyyətinin bərpası müzakirə olunub. Daha sonra Ermənistan tərəfi bəyan edib ki, tərəflər Qars-Gümrü dəmir yolunun fəaliyyətinin bərpasının texniki aspektlərini birgə qiymətləndirmək barədə razılığa gəliblər.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan daha sonra qeyd edib ki, Qars-Gümrü dəmir yolunun istismarı Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası ilə eyni vaxtda Fars körfəzi, Qara, Xəzər və Aralıq dənizləri arasında səmərəli nəqliyyat əlaqələrini təmin edəcək.

Türkiyə Qars-Gümrü dəmir yolunu “Zəngəzur dəhlizi”nin bir hissəsi hesab edir, lakin Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşmadan sərhədlərin açılmasına dair razılaşmaların həyata keçirilməyəcəyini dəfələrlə vurğulayıb.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
32
36
musavat.com

10Mənbələr