AZ

Rusiya "Oreşnik" ballistik sistemindən Ukraynaya qarşı istifadə edə bilər

ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, Rusiya yaxın günlərdə "Oreşnik" adlı eksperimental ballistik sistemindən Ukraynaya qarşı yenidən istifadə edə bilər. Bu barədə Associated Press və Reuters ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

AP-nin mənbəsinin sözlərinə görə, "Oreşnik"dən istifadə ABŞ-da daha çox qorxutma cəhdi kimi qiymətləndirilir, nəinki döyüş meydanında dönüş nöqtəsi. Onun sözlərinə görə, Rusiyada bu tip raketlərdən cəmi bir neçə ədəd var və onlar Ukraynaya qarşı müntəzəm atılan digər raketlərlə müqayisədə daha kiçik döyüş başlığına malikdir.

Reuters-in mənbəsi isə bildirib ki, Vaşinqton "Oreşnik"in müharibənin gedişatını dəyişəcəyinə inanmır: "Bu, çox güman ki, Rusiyanın Ukraynanı terrorlaşdırmaq üçün daha bir uğursuz cəhdi olacaq".

21 noyabr tarixində Ukrayna Silahlı Qüvvələri Rusiyanın ilk dəfə Dniproya qarşı qitələrarası ballistik raketdən istifadə edərək hücum etdiyini bildirmişdi. Daha sonra Rusiya prezidenti Vladimir Putin çıxışında, Dniproda müdafiə-sənaye kompleksinin obyektinə nüvə başlığı olmayan hipersəs ballistik raketi ilə zərbə endirildiyini bəyan etmişdi. O, bunu Rusiyanın "Oreşnik" adlanan ən yeni orta mənzilli ballistik raket sistemlərinin uğurlu sınağı adlandırıb.

Putinin sözlərinə görə, "Oreşnik"dən istifadə Qərb silahları — ATACMS və Storm Shadow raketlərinin Bryansk və Kursk vilayətlərinə zərbələrinə cavab olaraq həyata keçirilib.
 
Dekabrın 11-də  Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Taganroq hərbi aerodromuna qarşı yenidən ATACMS raketlərindən istifadə etdiyini bəyan edib.
 
Nazirlik, altı raketdən ikisinin vurulduğunu, digərlərinin isə radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirildiyini iddia edib.
 
N.Təbrizli

www.anews.az
Seçilən
36
39
anews.az

10Mənbələr