2016-cı ildə Kanadada qanuniləşən tibbi yardımla ölüm (evtanaziya) nisbəti ardıcıl beşinci il artmaqda davam etdi.
KONKRET.az xəbər verir ki, artım tempi əvvəlki illərlə müqayisədə yavaşlayıb. ”Health Kanada” tərəfindən dərc edilən beşinci illik hesabatda ilk dəfə evtanaziya tələb edən insanların etnik mənsubiyyətinə dair məlumatlar yer alıb.
2023-cü ildə təqribən 15 300 insan evtanaziya yolu ilə həyatına son qoyub və bu rəqəm ölkədəki ümumi ölümlərin 4,7 faizini təşkil edib.
Hesabata görə, evtanaziya nisbəti əvvəlki ilə nisbətən 16 faiz artıb. Ancaq bu nisbət əvvəlki illərdə qeydə alınan orta hesabla yüzdə 31 artımla müqayisədə kəskin azalmadır.
Bu yavaşlamanın səbəbi ilə bağlı hələ dəqiq bir qiymətləndirmə aparılmayıb.
Evtanaziya tələb edənlərin 96 faizi təbii ölümün qaçılmaz olduğu xəstələr arasındadır. Qalan 4 faiz xroniki xəstəliklər səbəbindən bu prosedurdan faydalanıb.
Evtanaziya tələb edənlərin orta yaşının 77 olduğu və ən çox rast gəlinən əsas tibbi vəziyyətin xərçəng olduğu müəyyən edilib.
Hesabatda evtanaziya tətbiqlərində etnik fərqlərə də diqqət çəkilib. Evtanaziya yolu ilə həyatına son qoyanların 96 faizi Kanada əhalisinin 70 faizini təşkil edən ağdərili insanlardır. Bu proporsional fərqin səbəbi məlum deyil. İkinci böyük qrup 1,8 faizlə Şərqi asiyalılar olub.
Evtanaziya nisbətinin ən yüksək olduğu əyalət, Kanada əhalisinin yalnız 22 faizinə sahib olmasına baxmayaraq, ümumi evtanaziya ölümlərinin 37 faizinə ev sahibliyi edən Kvebekdir. Kvebek hökuməti bu il bu yüksək dərəcələrin səbəblərini araşdırmağa başlayıb.
Beynəlxalq müqayisələr və mübahisələr
Kanadada evtanaziya nisbətləri artsa da, ölkə hələ də evtanaziya təcrübələrinin ümumi ölümlərin 5 faizini təşkil etdiyi Amsterdamdan geri qalır.
Keçən ay Böyük Britaniyada da qanunvericilər ölümcül xəstələrə həyatlarını sona çatdırmaq hüququ verən qanun layihəsini qəbul ediblər. Bununla belə, qanun layihəsi qanuna çevrilməzdən əvvəl aylarca nəzərdən keçiriləcək. Bu prosesdə bəzi millət vəkilləri tərəfindən Kanada “xəbərdarlıq nümunəsi” kimi göstərilib.
Kanadada evtanaziya ilk dəfə təbii ölümün ağlabatan şəkildə proqnozlaşdırıla biləcəyi hallarda qanuniləşdirilib. Ancaq 2021-ci ildə edilən bir tənzimləmə ilə bu prosedur terminal diaqnozu olmayan, lakin xroniki və çətin şərtlər səbəbiylə həyatına son qoymaq istəyən şəxslər üçün də açılıb.
Kanada Səhiyyə Təşkilatı prosedurun ciddi uyğunluq meyarlarına tabe olduğunu iddia etsə də, bəzi mübahisəli hallar ictimai etirazlara səbəb olub.
Kanadada qeyri-adekvat mənzil və ya sosial yardıma görə evtanaziya haqqında düşünən əlillərin halları mətbuatda dərc edilib.
Beyin mərkəzi olan “Cardus” son rəqəmlərin “narahatedici” olduğunu və Kanadanın dünyada ən sürətlə böyüyən evtanaziya proqramlarından birinə sahib olduğunu bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az