AZ

Sülh sazişinə nöqtə - İrəvan yenə peşman olacaq

Ermənistan Konstitusiyasına düzəlişlərdən imtina Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı qədər absurd və sülh prosesini tormozlayan yanaşmadır; danışıqları dalana dirəyən bu bəyanatdan sonra Bakı-İrəvan müzakirələri hansı şəkildə inkişaf edə bilər? 

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında sülh müqaviləsi bağlamaq üçün şərt kimi Ermənistan Konstitusiyasına düzəlişlərin edilməsini qəti şəkildə rədd edib. Paşinyan vurğulayıb ki, Ermənistan Konstitusiyası Azərbaycanın ərazisinə heç bir iddia ehtiva etmir. O, Bakının təzyiqi altında konstitusiyaya dəyişikliklərin edilməsinin mümkün olmadığını bildirib. 

“Ermənistan Konstitusiyasının heç bir müddəası qonşu ölkələrə ərazi iddiaları ehtiva etmir. Ermənistanın Konstitusiya Məhkəməsi 26 sentyabr tarixli qərarında qeyd edib ki, konstitusiyanın preambulasında müstəqillik bəyannaməsinə istinad yalnız konstitusiyanın daxilində əks olunan müddəalara aiddir”, - Paşinyan özünün rəsmi X hesabında yazıb. “Yeni Müsavat” qeyd edir ki, bu bəyanat Ermənistanda müxalifət qruplarının və ictimaiyyətin mövqeyi ilə üst-üstə düşür, onlar da əsas qanunun xarici təsir altında dəyişdirilməsinə qarşıdırlar.

Problem Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsindən qaynaqlanır ki, bu bəyannamə “miatsum” - Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi anlayışını ehtiva edirdi. Bu bəyannamə sonradan Ermənistanın postsovet konstitusiyasına əsas prinsip kimi daxil edildi. Paşinyanın qəti mövqeyi sülh müqaviləsinin bağlanması və Ermənistandan məcburi köçürülmüş azərbaycanlıların geri qaytarılması tələbinin yerinə yetirilməsi istiqamətində səyləri çətinləşdirir. Həmçinin iki ölkə arasında davam edən sərhədin demarkasiya prosesinin irəliləyişinə dair şübhələr yaradır. Bu çıxılmaz vəziyyət Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən sonra uzun müddət davam edən münaqişələrin həllinə yönəlmiş danışıqların uğursuzluqla nəticələnə biləcəyi ilə bağlı narahatlıqları artırır. 

Ermənistan Konstitusiyası ilə bağlı dedikləri göstərir ki, Makron və Tramp Paşinyanın qulağına nələrisə pıçıldayıblar, o da sülh sazişi ilə bağlı başqa üslubda danışmağa başlayıb. Görünür, Makron sülh prosesini acı bağırsaq kimi uzatmaq barədə Paşinyana təlimatlar verib. Elə olmasaydı, ilin sonuna az qalmış Nikol ərazi iddiaları ilə bağlı məsələyə bu cür nöqtə qoyan mövqe sərgiləməzdi. Bu açıqlama eynilə Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı qədər absurd və sülh prosesini tormozlayan yanaşmadır. Bəs necə olacaq? Sülh danışıqlarını dalana dirəyən bu bəyanatdan sonra Bakı-İrəvan müzakirələri hansı şəkildə inkişaf edə bilər? 

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, xarici işlər nazirlikləri arasında müzakirələr aparılır. H.Hacıyevin sözlərinə görə, iki ölkə arasında açıq qalan müəyyən məsələlər var ki, onlara da işçi qaydada baxılmaqdadır. Prezidentin köməkçisi artıq iki ölkə arasında müharibə riskinin  qalmadığını diqqətə çatdırıb. “Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam şəkildə təmin edib. Ermənistan işğalçı qüvvələri də Azərbaycan ərazisindən çıxarılıb”, - H.Hacıyev əlavə edib. Prezidentin  köməkçisi deyib ki, Ermənistan və Azərbaycan arasında qarşılıqlı sülh danışıqları gedirsə, burada üçüncü ölkəyə ehtiyac yoxdur. “Əksinə, üçüncü ölkənin bölgədə olması münasibətlərin normallaşmasına zərər yetirir”, - deyə o söyləyib. 

Azad

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavata”a sözlərinə görə, Ermənistan bu mövqe ilə sülh sazişini imzalamaq istəmədiyini nümayiş etdirir və qonşuları ilə dinc şəraitdə yaşamaq niyyətində olmadığını göstərir: “Bu bəyanatlarla paralel inkişaf edən məsələ Ermənistanın sürətlə silahlanmasıdır. Həmçinin hazırkı hakimiyyət Qərbin hərbi gücünü regiona yerləşdirir. Ancaq fakt budur ki, Azərbaycana ərazi iddiaları qalır və bu reallıq qeyd-şərtsiz aradan qaldırılmalıdır. Baxın, 30 il ərzində deyirdilər ki, Ermənistan Silahlı Qüvvələri Qarabağda yoxdur, orada olan guya "artsax ordusu"dur, amma Paşinyan 10 noyabr sənədinə qol çəkəndə bu həqiqəti etiraf etdi, orada Ermənistan qoşunlarının yerləşdiyini təsdiqlədi. Bu gün də konstitusiya ilə bağlı yalanları dünya ictimaiyyətinə sırımaq istəyirlər. Üstəlik, 1988-ci ildə Ermənistan SSRİ-nin qəbul etdiyi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərarı var. Ona görə də bundan yayına bilməzlər".

Analitikin fikrincə, biz Paşinyanla yox, erməni xalqı ilə sülh sazişinə gedirik: “Çünki ermənilər "Böyük Ermənistan" xülyasındadır. Bu gün var, sabah Paşinyan olmaya bilər və yeni hökumət onun qərarını tanımayacaq. Odur ki, referenduma gedilməli və konstitusiyaya düzəliş olunmalıdır. Biz erməni xalqının sülhlə bağlı rəyini bilmək istəyirik. Məsələn, bir ay əvvəl Avropadan gələn təyyarə məcburi Ermənistana eniş etmişdi. Həmin təyyarədə olan Gürcüstan vətəndaşı, əslən azərbaycanlı Ermənistana buraxılmadı. Bu dərəcədə bir nifrət var və ona görə də referenduma gedilməsi ilə öyrənməliyik ki, erməni xalqı bizimlə sülh içində yanaşı yaşamaq istəyirmi, ya yox..."

Mühacirlərə

Ehtiram Mehdiyev

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev bu açıqlamadan sonra Ermənistana diplomatik təzyiqləri gücləndirməyi vacib sayır. Onun sözlərinə görə, Paşinyan sülh sazişinin imzalanması üçün yenə də imkanları tükəndirir: “Azərbaycan yarımçıq sülh müqaviləsi imzalamayacaq. Əgər yekun sülh sənədi olmayacaqsa, heç bizə lazım deyil. Azərbaycan ərazi bütövlüyünü təmin edib, sərhədlərini möhkəmləndirib, separatizmi içindən təmizləyib, indi Paşinyan götür-qoy eləsin ki, bu sülh müqaviləsi ən çox hansı tərəfə lazımdır. Biz sülh sazişini imzalayaq, amma Ermənistan öz konstitusiyasında "Qarabağ Ermənistana birləşməlidir" hissəsini saxlasın, belə razılaşma olmaz". MCP rəsmisi hesab edir ki, Paşinyana ilham verən qüvvələr var və bundan arxayın olaraq belə bəyanatlar səsləndirir: “Sonuncu görüş onu yaman ruhlandırıb. Ona elə gəlir ki, ABŞ və Fransa kimi iki böyük güc mərkəzi onu qoruyur, heç bir şərtlə razılaşmayacaq. Amma 44 günlük müharibədə də çox yerə zəng edirdi, heç kəs köməyinə çatmadı. O baxımdan, sülh sazişi ilə bağlı siyasi və diplomatik təzyiqləri artırmalıyıq”.  

Emil SALAMOĞLU, 
“Yeni Müsavat” 

Seçilən
46
50
musavat.com

10Mənbələr