Bəşər Əsədin Suriyadakı son günü necə keçib?
Müxalifət qüvvələri tərəfindən devrilmiş Suriya prezidenti Bəşər Əsəd ölkədən qaçmaq planları barədə demək olar ki, heç kimə deməyib və bir neçə saat əvvəl hərbi rəhbərliyi Rusiyanın dəstəyinin yolda olduğuna inandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” jurnalistləri Əsədin yaxın çevrəsinin köməkçiləri, regional diplomatlar, təhlükəsizlik üzrə həmsöhbətlər və yüksək səviyyəli İran rəsmiləri də daxil olmaqla 14 mənbə ilə danışıblar.
Mənbənin məlumatına görə, dekabrın 7-də müxalif silahlıların Dəməşqə daxil olmasından bir gün əvvəl Əsəd Müdafiə Nazirliyində hərbi rəhbərlərlə görüşüb. İclasda 30-a yaxın ordu və təhlükəsizlik rəsmisi iştirak edib, Əsəd onları Rusiya hərbi yardımının tezliklə gələcəyinə əmin edib və quru qoşunlarını dayanmağa çağırıb.
Bununla belə, mənbələrə görə, bir neçə gün əvvəl Əsədə Rusiyanın heç bir hərbi yardım etməyəcəyini açıq şəkildə bildiriblər. Suriya prezidenti noyabrın 28-də Moskvaya səfər edib, lakin onun hərbi müdaxilə çağırışlarına Kremldə heç bir cavab tapılmayıb, üç regional diplomat bildirib.
Suriya müxalifətinin xaricdəki lideri Hadi əl-Bəhra deyib ki, Əsəd bunu tərəfdaşlarına çatdırmayıb:
“O, Moskvaya səfərindən sonra komandirlərinə və silahdaşlarına hərbi dəstək veriləcəyini deyib”.
Qaçmasından bir gün əvvəl işini bitirdikdən sonra Əsəd prezident ofisinin rəsmisinə evə getdiyini deyib, lakin bunun əvəzinə hava limanına gedib. O, həmçinin media üzrə müşaviri Buthaina Şaabana zəng edərək ondan çıxış yazmaq üçün evinə gəlməsini istəyib. Şaaban evə gəlib, lakin o zaman artıq evdə heç kim olmayıb.
Hətta yaxınlarının da Əsədin planlarından xəbəri yox idi. O, ordunun elit 4-cü zirehli diviziyasının komandiri kiçik qardaşı Maher Əsədə qaçmağı planlaşdırdığını deməyib. “Reuters”in həmsöhbətlərinin sözlərinə görə, Mahir Əsəd vertolyotla İraqa, oradan isə Rusiyaya uçub.
Əsəd hökumətinin son baş naziri Məhəmməd Cəlali “Əl Ərəbiyyə” televiziyasına bildirib ki, o, şənbə günü saat 22:30-da prezidentlə telefonla danışıb və çətin vəziyyəti, həmçinin şəhər küçələrindəki çaxnaşma və xaosu təsvir edib.
“O cavab verdi: “Sabah baxarıq, sabah, sabah”. Onun mənə dediyi son söz bunlar oldu”, – Cəlali deyib.
“Reuters” agentliyinin iki mənbəsi bildirib ki, bazar günü Əsəd Dəməşqdən transponderi söndürülmüş təyyarə ilə çıxıb. Agentliyin üç həmsöhbətinin sözlərinə görə, əvvəlcə Əsəd BƏƏ-yə sığınmaq istəyib, lakin ölkə hakimiyyəti beynəlxalq reaksiyadan qorxaraq ondan imtina edib. Bununla belə, Moskva hərbi müdaxilədən imtina etməsinə baxmayaraq, “Əsədə üz döndərməyə hazır deyildi”, nəşr yazıb.