Bakı,TurkicWorld
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən əcnəbilərin ümumi sayı 2 milyon 412 min nəfər təşkil edib.
TurkicWorld xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanda qış turizm mövsümünün başlanması ilə əlaqədar Dövlət Turizm Agentliyinin və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına dair mediaturda deyib.
O qeyd edib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur.
Kənan Quluzadə 2024-cü ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayının 3 milyona, müvafiq artım templərinə əsasən 2028-ci ilə qədər isə illik olaraq 4 milyona çatması üzrə proqnozların olduğunu qeyd edib.
DTA sədrinin müşaviri qeyd olunan dövr ərzində, həmçinin Azərbaycana 24.519 kommersiya yönümlü uçuşun həyata keçirildiyini və əvvəlki dövrlə müqayisədə 18 faiz artımın olduğunu, eləcə də yanvar-oktyabr ayları ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda nominal ifadədə 2.49 milyard azn əlavə dəyərin yarandığını və bunun da ötən ilki dövrlə müqayisədə 11.3 faiz artıma səbəb olduğunu vurğulayıb.