1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Suriyanın yeni hakimiyyəti orduya məcburi çağırışı ləğv etmək niyyətindədir.
Oxu.Az-ın "Al-Hadath" nəşrinə istinadən xəbərinə görə, bu barədə hakimiyyətə gələn "Həyat Təhrir əş-Şam" qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Culani (əsl adı Əhməd əş-Şaraa) bildirib.
Onun sözlərinə görə, bundan sonra ölkədə məcburi hərbi xidmət olmayacaq. Əl-Culani qeyd edib ki, ölkədəki bütün qruplaşmalar buraxılacaq, silahlar isə ancaq Suriya dövlətinin əlində qalacaq.
Bundan əlavə, qrup rəhbəri deyib ki, ölkənin yeni hakimiyyət orqanları Suriyada maaşların 400% artırılması imkanlarını araşdırırlar.
Xatırladaq ki, 2005-ci ildə respublikada hərbi xidmət müddəti 2.5 ildən iki ilə, 2011-ci ildə isə bir il yarıma endirilib. Ölkədə vətəndaş müharibəsinin başlanmasından sonra Suriya hökuməti çağırışçıların orduda məcburi hərbi xidmət üçün saxlanılması sistemini tətbiq edib.
Qeyd edək ki, noyabrın sonunda silahlı müxalifət qruplaşmaları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də onlar Hələb, Həma, Dəraa və Homs bölgələrini ələ keçiriblər.
Dekabrın 8-də hökumət əleyhinə qüvvələr Dəməşqə daxil olaraq prezident Bəşər Əsədin devrildiyini elan ediblər. Əsəd istefa verib və ailə üzvləri ilə birlikdə Rusiyadan sığınacaq alaraq ölkəni tərk edib. Müvəqqəti hökumətin başına Məhəmməd əl-Bəşir keçib və o, 2025-ci il martın 1-dək baş nazir vəzifəsini icra edəcək.