AZ

“YA UKRAYNA SAĞ QALMALIDIR, YA DA PUTİN” - “Trampın sülh əldə etməsi çox çətin olacaq”

ABŞ-nin yeni seçilən prezidenti Donald Trampın Ukraynada sülhlə bağlı razılaşma əldə etməsi çətin olacaq.

“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba “The Times” qəzetinə verdiyi müsahibədə deyib.

Kuleba qeyd edib ki, Rusiya ilə Ukrayna arasında hələ də sülhü qeyri-mümkün edən “fundamental fikir ayrılıqları” mövcuddur: "Məncə, heç bir sürətli danışıqlar olmayacaq".

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski sülhün qarşılığında NATO-ya üzv olmağı tələb etmişdi. Lakin Kuleba hesab edir ki, Alyans yalnız 10-20 ildən sonra Ukraynanı ona üzv olmağa dəvət edəcək. Eyni zamanda, onun sözlərinə görə, belə bir təklif qəbuledilməzdir, çünki bu müddət ərzində Ukrayna Rusiyanın növbəti hücumlarına qarşı həssas durumda olacaq: "Bu müharibənin real sonu ondan ibarət olacaq ki, bizdən yalnız biri sağ qalacaq. Ya Ukrayna, ya da Putin".

Kuleba Ukraynanın NATO üzvlüyünü gözlədiyi bir vaxtda Britaniya və Fransa sülhməramlılarının cəbhə xəttində yerləşdirilməsi ideyasını tənqid edərək, onlara xərclənəcək pulun silah təchizatına xərclənməsinin daha doğru olduğunu söyləyib: "Sülhməramlı missiya üçün təxminən 40 000 əsgər nəzərdə tutulur. 1500 kilometrlik cəbhə xətti boyunca 40 000 əsgəri yaymağa çalışın. Bu, çox nazik qırmızı xətt olardı".

Bununla yanaşı, keçmiş xarici işlər naziri Trampın Ukraynaya hərbi yardımı dayandırmaqla bağlı hədəsini yerinə yetirəcəyinə inanmır. Onun sözlərinə görə, Kiyev yenidən rus qoşunları tərəfindən təhdid edilərsə, Tramp fikrini dəyişmək məcburiyyətində qalacaq: "Onun indi və burada nəyin onun xeyrinə olduğunu qiymətləndirmək üçün əla instinktləri var və bu, dəyişə bilər. Əgər döyüş meydanında Ukrayna üçün işlər həqiqətən pis getsə, o, Ukraynanı “qatarın altına atmaqda” ittiham oluna bilər. O, mövqeyini dəyişəcək və Ukraynaya yardım edəcək”.

Kuleba həmçinin deyib ki, avropalı siyasətçilər öz seçicilərindən müdafiə xərclərini artıra bilməyəcək qədər qorxurlar. Sabiq nazir onları həm də Rusiya ilə real müharibə ehtimalına dair kəşfiyyat məlumatlarına məhəl qoymamaqda günahlandırıb.

Bununla belə, o, İngiltərə, Almaniya və Fransanın Ukraynaya hərbi yardımı davam etdirməkdən başqa çarəsinin olmayacağını bildirib: “Mən düşünmürəm ki, Avropa çox sadə səbəbə görə Ukraynaya xəyanət etsin. Onlar bilirlər ki, Ukrayna yıxılarsa, müharibə onların torpaqlarına gələcək. Ona görə də Ukraynaya yardım nə qədər baha başa gəlsə də, onların özlərinin müharibə aparması bundan daha çox baha başa gələcək”.

“AzPolitika.info”

Seçilən
9
50
azpolitika.info

10Mənbələr