AZ

Rusiya-Ukrayna müharibəsində son mərhələ: Dörd mümkün ssenari...

ABŞ-ın "New York Times" (NYT) qəzetində dərc olunan bir yazıda Rusiya və Ukrayna arasında artıq üç ilə yaxın davam edən müharibənin sona yaxınlaşdığı qeyd olunur. 

Hurruyyet.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müharibəni dayandıracaq razılaşmanın əldə olunmasının indiyədək heç olmadığı qədər mümkün olduğu bildirilir.

Müharibədə son vəziyyət

NYT-nin məlumatına görə, Ukrayna ordusu yay aylarından bəri ərazilər itirir və canlı qüvvə çatışmazlığı ilə üzləşir. 2023-cü il ərzində Rusiya Ukraynada əvvəlki ilə nisbətən altı dəfə çox ərazi ələ keçirib. Ukrayna prezidenti Volodimir Zelenski isə ordusunun işğal altındakı əraziləri azad etməyə yetərli gücdə olmadığını açıq şəkildə etiraf edib.

Son aylar Ukrayna əhalisi arasında müharibənin danışıqlar yolu ilə bitirilməsinə dəstək artıb. Ötən il bu yanaşmanı dəstəkləyənlərin sayı 27%-dən 52%-ə yüksəlib.

Rusiya isə iqtisadi çətinliklərlə üzləşir. Rusiya Mərkəzi Bankı ölkədə inflyasiyanın 8,54% olduğunu açıqlayıb, faiz dərəcələri isə 21%-ə qədər yüksəlib. Bunun fonunda ərzaq qiymətləri artıb və bəzi mağazalar yağ kimi məhsulları oğurluq hallarına qarşı xüsusi mühafizə altında saxlayır.

ABŞ siyasətinin mümkün təsiri: Trampın rolu

ABŞ-da prezident seçkilərində Respublikaçı namizəd Donald Trampın qələbə qazanaraq Ağ Evə qayıtması ehtimalı müharibənin gedişatını dəyişə bilər. Tramp, müharibəni tezliklə dayandırmaq üçün Ukraynaya hərbi yardımı dayandırmaqla hədələyib, lakin Rusiyanın danışıqlara yaxınlaşmaması halında yardımları artıracağını da istisna etməyib.

Fransa prezidenti Emmanuel Makronla görüşündə Tramp, Zelenskinin "Moskva ilə razılığa hazır olduğunu" bildirib. Lakin Zelenski hər hansı razılaşmada Ukraynanın təhlükəsizliyi ilə bağlı zəmanətlərin vacibliyini vurğulayıb.

Mümkün dörd ssenari

NYT müharibədən sonrakı mərhələlərə dair dörd əsas ssenari irəli sürüb:

NATO üzvlüyü - Zelenski NATO-ya üzv olmağı prioritet hesab edir, lakin bu, uzaq bir ehtimal kimi görünür. 2008-ci ildən bəri Ukraynanın NATO-ya üzvlük prosesi qeyri-müəyyən olaraq qalır və bu, indiyə qədər münaqişələrə səbəb olub.

Təhlükəsizlik alyansı - Ukrayna NATO-dan kənar bir təhlükəsizlik alyansı çərçivəsində ABŞ-ın zəmanət verən ölkələrdən biri olmasını tələb edə bilər. Lakin NYT Trampın Avropadakı hərbi öhdəlikləri azaltmaq niyyətində olduğunu vurğulayıb və ABŞ-ın diqqətini Asiya-Sakit okean regionuna yönəldəcəyini ehtimal edib.

Avropa liderliyi - Fransa prezidenti Makron Avropanın öz müdafiəsini gücləndirməli olduğunu bildirib. Makron Polşanın baş naziri Donald Tusk ilə Ukraynaya Avropa əsgərlərinin yerləşdirilməsi məsələsini müzakirə etsə də, ortaq qərara gəlmək mümkün olmayıb.

Silahlı neytrallıq - NYT-nin digər bir ssenarisinə görə, Ukrayna NATO-dan və ərazisində xarici hərbi bazalardan imtina edərək "silahlı neytrallıq" statusunu qəbul edə bilər. Lakin bu model Ukraynanı daha zəif vəziyyətdə qoya bilər və yalnız Rusiya prezidenti Vladimir Putin üçün əlverişli görünür.

Müharibənin gedişatı həm Rusiya, həm də Ukrayna üçün ciddi çağırışlarla müşayiət olunur. Hər iki tərəf üçün danışıqlar yolu ilə sülh razılaşmasının əldə olunması ehtimalı artır, lakin bu prosesdə böyük güclərin - xüsusilə ABŞ və Avropanın - qərarları həlledici rol oynayacaq.

 

Seçilən
0
4
hurriyyet.az

10Mənbələr