1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İsmayıllı rayonundakı Aşıqbayramlı su anbarında, el arasında "Balik gölü" kimi tanınan ərazidə sintetik torla balıq tutulması iddia edilir.
Bununla bağlı Oxu.Az-a məlumat verilib və video göndərilib.
"Həmin gölün kənarında bir obyekt var və obyekt sahibi bu göldəki balıqları sintetik tor atmaq yolu ilə tutdurur. Əvvəl gecə vaxtı bunu edirdilər, indi isə gündüz işığında da rahat şəkildə tor atıb balıqları tuturlar. Rayondakı məsul qurumlar isə bunu bilsələr də, göz yumurlar", - deyə məlumatda bildirilir.
Məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlasaq da, heç bir cavab ala bilmədik.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, görüntülərlə bağlı rayon polis şöbəsində araşdırma aparılır:
"Nəticəsi barədə əlavə məlumat veriləcək".
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, sözügedən ərazidə xidmətin regional qurumunun və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən reyd və monitorinqlər keçirilib:
"Su anbarının ərazisində qanunsuz balıq ovlanması faktı qeydə alınmayıb. Ərazi nəzarətə götürülüb".
Xidmət rəsmisi onu da bildirib ki, araşdırma zamanı sözügedən görüntülərin əvvəlki dövrə aid olduğu müəyyən edilib.
Əzizə İsmayılova