Məhkəmə-Hüquq Şurasının hüquqları artırılır.
Senzor.az bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Sənədə əsasən, Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına aşağıdakılar daxil edilir:
- vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək;
- Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq;
- İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisələrində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək;
- məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq.
Məhkəmə-Hüquq Şurasının vəzifələri sırasına isə Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək daxil olunub.
Həmçinin hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşdırılmış orqanı – Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq.
Bundan başqa, vakant hakim vəzifələrinə namizədlər üçün təhsil müəssisəsində ilkin uzunmüddətli kursların təşkil edilməsi səlahiyyəti Ədliyyə Nazirliyinin Akademiyasına həvalə edilib.