Ukrayna nə vaxt və hansı şərtlərlə Rusiya ilə danışıqlar aparacağına özü qərar verəcək. ABŞ prezidenti Co Bayden isə səlahiyyətləri başa çatanadək Ukraynanı dəstəkləməyə davam edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrinform agentliyinin məlumatına görə, Ağ Evin məsləhətçisi Con Kirbi Trampın Ukraynada müharibəni bitirməklə bağlı yanaşmasını şərh edərkən bildirib.
Kirbi qeyd edib ki, Donald Trampın mövqeyi ilə bağlı mübahisələrə girmək niyyətində deyil, lakin Co Bayden administrasiyası "Ukrayna ilə bağlı Ukraynasız heç nə” prinsipinə sadiq qalacaq.
"Biz onların iştirakı olmadan hansısa danışıqlar aparmayacağıq və onlara növbəti addımlarının nə ola biləcəyini diktə etməyəcəyik", – deyə Kirbi vurğulayıb.
O qeyd edib ki, məhz prezident Vladimir Zelenski danışıqlar aparmaq, aparacağı təqdirdə isə nə vaxt və hansı şərtlərlə bunu etmək qərarına gələcək.
"Zelenski bu qərarı verdiyi anda və prezident Bayden ali baş komandan olduğu müddətdə o (Zelenski) bu administrasiyada danışıqlara doğru irəliləmək üçün dəstək tapacaq", – Kirbi əlavə edib.
Bundan başqa, o vurğulayıb ki, Bayden administrasiyası Rusiya qüvvələrini geri çəkilməyə məcbur etmək və Putinin müharibəni davam etdirmə planlarını çətinləşdirmək üçün Ukrayna Silahlı Qüvvələrinin lazım olan hər bir vasitəyə sahib olması istiqamətində zəruri addımlar atır.
Ağ Evin nümayəndəsi bildirib ki, Rusiya silah almağa məcburdur və Putin raketlər və artilleriya mərmiləri ilə yanaşı çoxlu sayda cəsəd kisələri də almağa məcbur olur.
"Fikrimcə, bunu unutmaq olmaz", – Kirbi əlavə edib.
Donald Tramp bəyan edib ki, Ukrayna prezidenti Vladimir Zelenski müharibənin bitməsi üçün razılaşmaya hazırlaşmalıdır. Onun sözlərinə görə, o, bu məsələdə Vladimir Putinlə müzakirələr aparmağa niyyətlidir. Tramp, həmçinin, Ukraynanın Qərb silahları ilə Rusiya ərazilərinə dərin zərbələr endirmək icazəsini ləğv edə biləcəyini istisna etməyib.
Kinsi Məsuliyyətli Dövlət İdarəçiliyi İnstitutunun Avrasiya Proqramının direktoru Anatol Livenin yazdığına görə, Tramp Ukraynanı sülh prosesinə hansı mərhələdə cəlb etməyin lazım olduğuna qərar verməli olacaq. Onun fikrincə, münaqişənin həllinin ilkin mərhələsində Ukraynanın iştirakı vacib deyil.
Alpər