AZ

“Vinisius Mbappe ilə birlikdə dünyanın ən yaxşı futbolçusudur”

“Paçuka”nın baş məşqçisi Gilyermo Almada “Real”ın ulduz hücumçuları Vinisius Juniorla Kilian Mbappeni tərifləyib.

Arena.az xəbər verir ki, uruqvaylı mütəxəssis sözügedən oyunçuların yüksək səviyyədə olduğunu vurğulayıb:

“Vinisius Mbappe ilə birlikdə dünyanın ən yaxşı futbolçusudur. Onun səviyyəsinə davamlı olaraq nəzarət etmək çətindir. Vinisius qoldan əvvəl gözə dəymirdi və sonra bunu bir saniyədə icra etdi. Belə bir oyunçunu 90 dəqiqə idarə etmək çətindir”, deyə Almada vurğulayıb.

Xatırladaq ki, “Real” FIFA Qitələrarası Kubokun final oyununda “Paçuka”nı 3:0 hesabı ilə məğlub edib. “Qaymaqlılar”ın qollarını Mbappe, Rodriqo və Vinisius vurublar.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 21 oyuna çıxıb, 14 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 285 oyun, 97 qol, 85 məhsuldar ötürmə.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. “Vini” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ “Vini”nin dünyanın ən bahalı iki futbolçusundan biri olması deməkdir.

Seçilən
2
4
arena.az

10Mənbələr