D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı 1997-ci ildə, inkişaf etməkdə olan səkkiz ölkə tərəfindən qurulub. Bu təşkilatın məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, maliyyə və texnoloji əməkdaşlığı inkişaf etdirmək, sosial və mədəni əlaqələri gücləndirməkdir.
1996-cı il oktyabrın 22-də “İnkişafda əməkdaşlıq konfransı”ından sonra onun qurulmasına hazırlıq işlər görülməyə başlayıb. 1997-ci il iyunun 15-də Türkiyənin İstanbul şəhərində dövlət və hökumət başçılarının Zirvə toplantısında D-8-in qurulduğu rəsmən elan olunub. Sammitdə təşkilatın qurulması ilə bağlı İstanbul qətnaməsi qəbul edilib.
Birliyin bayrağındakı altı ulduz onun əsas prinsiplərini simvollaşdırır:
- müharibə deyil, sülh, münaqişə deyil, dialoq;
- ikili standartlar deyil, ədalət;
- üstünlük deyil, bərabərlik;
- müstəmləkə deyil, ədalətli düzən;
- zülm və hökmranlıq deyil, insan haqları, azadlıq və demokratiya.
Təşkilata əvvəlki üzv dövlətlər bunlardır: Banqladeş, Türkiyə, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan.
Artıq Azərbaycan da D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. Bundan sonra təşkilat D-9 adlanacaq. Təşkilat heç bir beynəlxalq qurumlara alternativ deyil, adından da göründüyü kimi, iqtisadi əməkdaşlığa üstünlük verir. Üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollarından artıq ÜDM-ə malik, 130 milyard ticarət dövriyyəsi həyata keçirən, üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən və böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-ə üzv seçilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Ölkəmizin D-8-ə üzv seçilməsi Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Bu fakt bir daha Azərbaycanın hazırda sürətlə inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdən biri olduğunun təsdiqidir.
Xatırladaq ki, Qahirədə keçirilən XI Zirvə görüşü Azərbaycan Respublikasının təşkilata bərabərhüquqlu üzv qəbul edilməsi ilə yadda qaldı. İlk növbədə, onu qeyd etməliyik ki, Azərbaycanın bu təşkilata üzvlüyü digər üzv ölkələrlə ticarət əlaqələrini artırmağa, xüsusən də enerji, kənd təsərrüfatı, sənaye və texnologiya sahələrində daha çox imkan əldə etməyə kömək edəcək. Azərbaycan, həmçinin bu ölkələrin bazarlarına daxil olmaqla, ixracının şaxələndirilməsinə də nail ola bilər. Bundan əlavə, Azərbaycan digər üzv ölkələrlə iqtisadi əməkdaşlığı dərinləşdirərək xarici investisiyalar əldə edə bilər. Texnologiya və innovasiya sahəsində əlaqələrin gücləndirilməsi, eyni zamanda, sosial-mədəni layihələrin icrası da Azərbaycanın təşkilat daxilində mövqelərini möhkəmləndirə bilər. Bu çərçivədə Azərbaycanın da üzv ölkələrə verə biləcəyi çoxlu dividendlər var. Çünki Azərbaycan əlverişli geosiyasi mövqedə yerləşir, onun geniş iqtisadi potensialı və müasir nəqliyyat infrastrukturu var.
D-9 “yeni dünya” qurmaq istiqamətində atılan mütərəqqi addımlardandır. Quruma üzv ölkələrin yerləşdiyi bölgə uzun illər, əsrlərdir güclərin toqquşan maraqlarının meydanına çevrilib. Bu ziddiyyətlər regionda əməkdaşlığa, əmin-amanlığa, firavanlığa, sülhə daim əngəl olub. D-9 yeni dünyanın qurulmasına dəvətlər, çağırışlar edir. Bu qurum 2014-cü il dekabrın 10-da BMT Təhlükəsizlik Şurasına üzvlüklə bağlı müraciət etmişdi. Hazırda təşkilatın qurumda müşahidəçi statusu var. Azərbaycanın belə bir təşkilata üzv olması onun beynəlxalq aləmdə nüfuzunun artmasına nümunələrdəndir.
Təşkilat qütblərə bölünən, çəkişmələrdən bezən, iddialı, hikkəli rejimlərin, güclərin təzyiqindən, təsirindən xilas olmaq üçün bir alternativdir. O, bu kimi hallardan xilas olmaq istəyən dövlətləri əməkdaşlığa dəvət edir. Çünki onun prinsiplərində müstəmləkəçilik, istismar və başqa kolonial əlamətlər yoxdur. Bu təşkilata üzvlüklə sülhə, ədalətə, əmin-amanlığa, firavanlığa, iqtisadi-ticarət əlaqələrinə, əməkdaşlığa, təhlükəsizliyə, demokratiyaya üstünlük verən yeni dünyanın qurulmasında Azərbaycan da yer və rol alacaq. Təşkilat ona beynəlxalq aləmdə iqtisadi, sosial, siyasi proseslərə təsir etmək və bu istiqamətlərdə yaxından iştirak etmək imkanı qazandıracaq. Azərbaycan təşkilata üzv olmaqla yeni müstəmləkəçiliyə, ədalətsizliyə, ikili standartlara qarşı mübarizə aparmaq üçün D-9-dan dəstək də alacaq.
Qeyd edək ki, Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq qurumla genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu münasibətlə ölkəmizi təbrik edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Təşkilatımızı böyütmək, təsir sahəsini daha da genişləndirmək üçün yeni üzv və tərəfdaşlara qapımızın açıq olması lazımdır. Azərbaycanın təşkilatımıza üzv olması ilə birlikdə bu gün dünəndən daha güclüyük. Qardaş Azərbaycana D-8 ailəmizə xoş gəldiniz deyirəm”.
Misir Prezidenti Əbdül Fəttah əs-Sisi də ölkəmizi “İslam Səkkizliyi” (D-8) təşkilatına üzv olması münasibətilə təbrik edib. O, həmçinin təşkilatın Qahirədə keçirilən sammitindəki çıxışında bunun ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açacağını da diqqətə çatdırıb.
Şəmsiyyə Əliqızı, “İki sahil”