Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan dekabrın 19-da Qahirədə inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammitində yekdilliklə təşkilatın üzvü seçilməklə növbəti diplomatik uğura imza atdı. Azərbaycanın quruma üzvlüyü uğurlu siyasətinin, beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin, söz sahibliyinin nəticəsidir. Azərbaycanın quruma üzvlüyünün dünyanı Bakıya toplayan COP29 tədbirindən sonrakı dövrə təsadüf etməsi özündə bütün məqamları ehtiva edir. COP29 uğurlu nəticələri ilə dünyaya səs saldı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə söyləyib.
Deputat bildirib ki, Azərbaycanın dövrün çağırışlarına yüksək səviyyədə cavab verməsi ölkəmizin həm iqtisadi, həm də siyasi müstəqilliyinin təmin edilməsində əhmiyyətli rol oynayır. Malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olan Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrini uğurla həyata keçirməsi ölkələr arasında yeni etimad körpülərinin qurulmasında, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsində öz sözünü deyir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə və gələcəyimizə xidmət edən mühüm addımlardan oldu. Əvvəlcə regional çərçivədə qurulan əməkdaşlıq zaman keçdikdə coğrafiyasını genişləndirdi, beynəlxalq miqyas aldı. Hazırda Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan, dünyanın enerji xəritəsini dəyişən layihələr Azərbaycanın qlobal miqyasda nüfuzunu və rolunu getdikcə artırır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi” davamı olaraq “Yeni əsrin müqaviləsi”nin Azərbaycana iqtisadi və siyasi dividendlər qazandırır. Son 21 ilin iqtisadi uğurları məhz neft gəlirlərindən səmərəli istifadəyə əsaslanır. Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdardır. Ölkəmiz ilk dəfə Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirakı ilə 2017-ci ildə İstanbulda keçirilmiş Zirvə görüşündə təmsil olunub.
Vurğulanıb ki, Azərbaycanın bu təşkilata üzvlüyü digər üzv ölkələrlə ticarət əlaqələrini genişləndirməyə, xüsusilə enerji, kənd təsərrüfatı, sənaye və texnologiya sahələrində daha çox imkan əldə etməyə kömək olacaq. Azərbaycanın böyük investisiyalar məkanı kimi mövqeyini daha da möhkəmləndirəcək. Yaxın gələcəkdə Qarabağın və Şərqi Zəngəzurun iqtisadi resurslarından səmərəli istifadə ölkəmizin dayanıqlı inkişafına töhfələr verməklə yanaşı, iqtisadi əlaqələrinin coğrafiyasını genişləndirəcək. Azərbaycanın hazırkı dövrdə əsas hədəflərindən biri ixrac imkanlarını genişləndirməkdir. D-8 təşkilatına üzvlük bu sahədə də imkanlar yaradacaq. Azərbaycan texnoloji yenilikləri ilə daim dünyanın diqqətindədir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, müasir idarəçilik sisteminin tətbiqi də bunu bir daha təsdiqləyir. Azərbaycan bütün bu imkanlardan səmərəli istifadə edərək həm quruma üzv dövlətlərə, həm də onlarla əməkdaşlığın genişləndirilməsinə böyük töhfələr verə bilər. Azərbaycanın diplomatik təcrübəsi hədəfələrinə doğru inamla irəliləməsində, beynəlxalq nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.
V.Rəhimzadə onu da vurğulayıb ki, Azərbaycanın D-8-ə üzvlüyü, eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq.
Diqqəti dövlətimizin başçısının Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı sosial şəbəkə hesablarında paylaşımına yönəldən deputat bildirib ki, paylaşımda Prezident İlham Əliyev bu mühüm addımı, diplomatik uğuru, Azərbaycanın namizədliyinə dəstəyi üzv ölkələr ilə səmimi dostluğun və əməkdaşlığın göstəricisi kimi qeyd edib.
“Ölkəmizin D-8-ə üzvlüyü bir daha sübut etdi ki, Azərbaycan hazırda sürətlə inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdəndir. Təşkilatın yeni hədəfləri “2020-2030-cu illər yol xəritəsi” sənədində əks olunub. D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq”, - deyə V.Rəhimzadə vurğulayıb.