AZ

Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır - BELƏ OLACAQ

Türk dünyası ilə bağlı addımlar atılır, müqavilələr imzalanır. Ortaq Türk əlifbası qərarından sonra Türk dünyasının xəritəsinin hazırlanması məsələsi gündəmdədir.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin kartoqrafiya qurumlarının rəhbərləri və hərbi attaşelərin iştirakı ilə Ankarada toplantı keçirilib.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə üzv, Macarıstan, Şimali Kipr və Türkmənistanın müşahidəçi olduğu ölkələrin nümayəndələri Türk dünyasının ortaq xəritəsini hazırlamaq üçün bir araya gəlib. Xəritə ölkələrin müdafiəsinin ən vacib açarlarından biri hesab olunur.

Türkiyə Milli Müdafiə Nazirliyinin Xəritə Baş İdarəsinin direktoru general-mayor Osman Alp ortaq xəritə ilə bağlı “TRT Haber”-ə danışıb.

Osman Alp xəritənin Türk ölkələrinin müdafiəsinin əsas açarlarından biri olduğunu vurğulayıb:

“İlk yığıncaqda kartoqrafiya ilə bağlı məsələləri əhatə edən əməkdaşlığa dair bəyannamə mətni imzalanıb. Bəyannamə ilə kartoqrafiya sahəsində texniki bilik və təcrübənin bölüşdürülməsi, təlim və məsləhətlərin verilməsi, birgə xəritə hazırlanması üçün standartların yaradılması, rəqəmsal kartoqrafiya tətbiqləri üçün əməkdaşlıq və bu məsələlərlə bağlı texniki araşdırmaların aparılması razılaşdırılıb.

Ortaq Türk Dünya Xəritəsi təqdim ediləndə vətəndaşlarımız coğrafi baxımdan uzaq görünən Türk dövlətlərinin əslində çox yaxın olduğunu anlayacaqlar. Görəcəklər ki, bizim adət-ənənələrimiz orada da keçərlidir, oradakı bəzi məsələlər də eyni şəkildə bizə şamil edilir. Simvol olaraq gördüyümüz xəritə əslində Türk dövlətlərinin bir-birinə nə qədər yaxın olduqları, keçmişdə nə qədər birlikdə yaşadıqları, gələcəkdə niyə bir yerdə olması lazım olduğu barədə fikir formalaşdıracaq”.

Osman Alp xəritənin təfərrüatlarını da açıqlayıb: “Məsələn, xəritədə yaşayış məntəqələrinin adları, inzibati quruluşu, əhali bölgüsü, miqrasiyalar, mədəni sərvətlər, adət və ənənələr, danışılan ləhcələr, hansı bölgədə hansı xörəklərin hazırlandığı kimi tematik məlumatlar yerləşdiriləcək.

General-mayor diqqətə çatdırıb ki, məqsəd həm coğrafi, həm də mədəni xəritə yaratmaqdır:

“Birinci mərhələdə topoqrafiya, hidroqrafiya, bitki örtüyü və yaşayış məntəqələri kimi əsas məlumatları özündə əks etdirən əsas xəritə tez bir zamanda hazırlanacaq. Xəritələr Türk dövlətlərini Türk birliyi adına bir araya gətirəcək mühüm simvol olacaq. İnanırıq ki, ortaq Türk dünyası xəritəsi oxşar cəhətlərimizi və zəngin Türk mədəniyyətini asanlıqla göstərəcək. Birlikdə hazırlayacağımız xəritələr bu dövlətlərin mənşəyinə, tarixinə və mədəniyyətinə işarə edəcək, türk dövlətlərinin tarix boyu qurduğu bağları əyani şəkildə görüb anlamağa imkan verəcək”.


Seçilən
1
1
news24.az

2Mənbələr