Ekspert: “Savaşın sonu tərəflərdən biri qalib elan edildikdən sonra gələcək”
Ukrayna-Rusiya müharibəsində havaların sərtləşməsi səbəbindən quru döyüş əməliyyatları səngisə də, hər iki tərəfdən hava hücumları (PUA-lar, raket zərbələri) davam edir. Yeni il atəşkəsi ilə bağlı Macarıstanın baş naziri Viktor Orbanın təklifi hələ ki açıq qalır. Hərçənd son sorğular istər Ukrayna, istərsə də Rusiya cəmiyyətlərində müharibədən yorğunluğun artdığını göstərir.
ABŞ şirkəti “Gallup”ın yeni sorğusu isə göstərir ki, münaqişənin tezliklə həllini istəyən amerikalıların da sayı artmaqdadır. Respondentlərin yarısı müharibənin tez bir zamanda bitməsini dəstəklədiyini bildirib - hətta bu, Ukraynanın bütün itirilmiş ərazilərini geri qaytarmayacağı anlamına gəlsə belə. Bu rəqəm 2024-cü ilin martı ilə müqayisədə 7 faiz artım deməkdir. Oktyabrdan (2023) bəri tez həllə dəstək 43 faiz səviyyəsində sabit qalmışdı.
Ümumi dəstəyin artması, əsasən, respublikaçılar arasında 20 faiz artımla əlaqədardır. Belə ki, indi respublikaçıların 74 faizi münaqişənin tez bitməsini istəyir. Demokratlar arasında isə dəstək mart ayından bəri 9 faiz artaraq 30 faizə çatıb. Bu rəqəmlər hər iki partiya üçün yeni rekordlar deməkdir.
Lakin müharibənin tezliklə bitməsinə artan dəstəyə baxmayaraq, respondentlərin 48 faizi ABŞ-ın Rusiyanın işğal etdiyi əraziləri geri qaytarmaq üçün Ukraynaya kömək etməyə davam etməli olduğunu düşünür, hətta bu, uzunmüddətli münaqişəyə səbəb olsa belə. Sorğu həmçinin müharibənin gedişatı ilə bağlı geniş yayılmış skeptisizmi vurğulayıb. Amerikalıların 68 faizi nə Rusiyanın, nə də Ukraynanın qalib gəlmədiyini bildirib.
Bu arada ABŞ MKİ-nin keçmiş analitiki Larri Conson deyib ki, Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşsə, ABŞ-ın yeni seçilmiş prezidentini sürpriz gözləyir. Consona görə, Trampı mümkün görüşdə Amerika liderinin ilk prezidentliyindən bəri xeyli dəyişmiş Vladimir Putin gözləyəcək: “Trampı sürpriz gözləyir: indi görüşdüyü Vladimir Putin səkkiz il əvvəl tanıdığı Putin deyil. Rusiya prezidenti indi Trampın əvvəllər ünsiyyətdə olduğu bütün dünya liderlərindən daha sərt danışıq aparan şəxsə çevrilib”.
Belədirmi? Yeni il atəşkəsi mümkün olacaqmı? Bu sorğu nədən xəbər verir? ABŞ hökuməti və Konqres Ukrayna məsələsində ictimai rəyi nə dərəcədə ciddiyə alacaq?
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, belə bir duruma gəlib çatmış müharibənin hər hansı bir həmlə ilə dayandırılacağı qətiyyən inandırıcı deyil: “Tərəflərin nə qədər yorulmasından asılı olmayaraq, bu müharibə yaxın zamanlarda dayandırılmayacaq. Buna səbəb isə bu müharibəni başladan tərəflərin öz hədəflərinə hələ ki çata bilməməsidir.
Bu hədəflər hansılardı?
- ABŞ üçün: - Rusiyanı zəiflədib bu ölkə daxilində qarşıdurma yaratmaq yolu ilə loyal hesab edilə biləcək qüvvələri orada hakimiyyətə gətirmək;
- Rusiya üçün: - Ukraynanın şərqindəki əraziləri və Odessa vilayəti daxil onun cənubunu tan işğal edərək Moldova ərazisindəki Prednistroviyanı nəzarətə götürmək.
Göründüyü kimi, tərəflərdən heç biri hələ ki öz hədəfinə çatmayıb. Deməli, heç nədən və heç kimdən asılı olmayaraq müharibə davam edəcək. Onun sonu tərəflərdən biri qalib elan edildikdən sonra gələcək. Bu müharibədəki böyük maddi və insan itkilərinin qarşılığında onun nəticəsiz dayandırılması heç mümkün deyil. Tərəflərdən biri mütləq qalib olmalıdır. Kim qalib olacaq? Onu indi demək çətindir. Ancaq kimsə mütləq qalib olacaq".
Sona Əliyeva
Keçmiş deputat, siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, indiki məqamda yeni il öncəsi cəbhədə atəşkəsi daha çox istəyən tərəf Rusiyadır: “Kreml bundan istifadə edərək 3-4 günlük vaxt qazanmaq istəyir. Səbəbi sadədir, bütün cəbhəboyu istiqamətlərdə pərən-pərən düşmüş, sıraları seyrəlmiş ordu hissələrinin yerini doldurmağa can atır. Ona görə də Moskva Macarıstanın hökumət başçısını təlimatlandıraraq ortaya salıb. Əslində belə bir komplektləşdirilməyə Ukraynanın da ehtiyacı var. Amma Kiyev qış kampaniyasında daha çox hava zərbələrindən istifadə edəcək. Ona görə də üç-dörd günlük atəşkəsə Kiyev bir qədər həvəssiz görünür və ya yekun qərar verməyə tələsmir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, hətta Donald Tramp da Ukrayna və Rusiyanın maraqlarını tam şəkildə ödəyəcək sülhə nail ola bilməyəcək. Çünki münaqişə uzandıqca tərəflərin maraqlarında da ciddi redaktələr və korrektələr meydana gəlib. Rusiya tutduğu bütün ərazilərdə qalmağı tələb edir. Ukrayna isə ən azından Krım istisna olmaqla Donbasın qaytarılmasında maraqlıdır. Donbas deyərkən, Donetsk və Luqanskı əhatə edən bütün əraziləri istəyir. Bu halda belə sülhdən yox, müvəqqəti atəşkəsdən danışmaq mümkündür. Yəni Ukrayna cəbhəsində azı on il ərzində əbədi sülh əldə olunmayacaq”.
Elşad Musayev
Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev Ukraynanın hazırkı vəziyyəti ilə bağlı mətbuatın sorğusuna cavab olaraq bunları deyib: “2025-ci ildə Ukrayna savaşının dayandırılacağı gözlənilir. Bu savaşın yiyəsi, sahibi Ukrayna deyil. ABŞ başda olmaqla Qərbdir. Ona görə də savaşın sahiblərinə dayandırmaq lazımdırsa, müharibəni dayandıracaqlar. Tramp adminstrasiyası bununla bağlı açıq mövqe ortaya qoyub. Ona görə Rusiya çalışır ki, daha çox əraziləri işğal etsin. Ukrayna da çalışır ki, müqavimət göstərsin. Nəticə etibarı ilə 2025-ci ildə müharibənin dayandırılacağı gözlənilir. Ukraynanın itirilmiş əraziləri geri qaytarması inandırıcı görünmür. Yəqin ki, bu məsələ dondurulacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu mövzu ilə əlaqədar maraqlı bir status paylaşıb: “Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra kiçik istisna ilə Qərb ölkələrinin qapıları Kreml sahibi Vladimir Putinin üzünə bağlandı. Eynilə Qərb ölkələrinin liderləri də müharibənin dəhşətləri fonunda Moskvaya səfərlərdən və Putinlə görüşlərdən imtina etdilər. Qərb ölkələrindən yalnız Macarıstanın baş naziri Viktor Orban qeyri-rəsmi qadağaya məhəl qoymadı və ara-sıra Vladimir Putinlə görüşdü. Viktor Orban Kremllə dialoqun tərəfdarı kimi çıxış edirdi. Bu dəfə Slovakiyanın baş naziri Robert Fitso Moskvaya səfər edərək Vladimir Putinlə görüşüb. Viktor Orban və Robert Fitso Donald Trampın ABŞ prezidenti seçilməsi ilə Rusiya-Ukrayna müharibəsinin dayandırılacağına ümid edirlər və görünür, proqnozlaşdırırlar ki, bundan sonra Putinlə təmasa keçəcək liderlərin sayı tədricən artacaq. Viktor Orban və Robert Fitso onu da ehtimal edirlər ki, müharibə dayandırılacağı halda Avropa Rusiyadan qaz nəqlini bərpa edəcək. Putin bunun əleyhinə deyil. Bu səbəblərdən Viktor Orban və Robert Fitso Vladimir Putinlə görüşlərə üstünlük verməkdə Avropadakı həmkarlarını qabaqlamağa çalışırlar ki, daha çox siyasi və iqtisadi divident əldə etsinlər. Ancaq bu "dividentlər" Ukraynanın parçalanması hesabına baş verəcəksə, Avropada qazanan olmayacaq".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”