Qrenlandiyanın baş naziri Mute Borup Egede ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Danimarka Krallığının bir hissəsi olan adanı almaq təklifinə sərt reaksiya verib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
“Biz satışda deyilik və satılmayacağıq. Azadlıq uğrunda uzun mübarizəmizi itirməməliyik".
Egede Anadolu Agentliyinin sorğusuna yazılı cavabında belə deyib.
Xatırladaq ki, Qrenlandiya buzların əriməsi və iqlim böhranının yeni ticarət yolları açması ilə getdikcə daha çox əhəmiyyət kəsb edən Arktika regionunda mərkəzi mövqe tutur.
Bura dünyanın ən böyük adasıdır. Qrenlandiyanın eyni zamanda zəngin yeraltı ehtiyatları var.
Qeyd edək ki, Tramp dekabrın 23-də "Truth" sosial hesabında bildirib ki, “dünyada milli təhlükəsizlik və azadlıqları təmin etmək” üçün ABŞ-ın Qrenlandiyaya sahib olması tamamilə zəruridir”.
Bununla belə, Egede qeyd edib ki, ada bütün dünya ilə, ilk növbədə qonşu ölkələrlə əməkdaşlığa və ticarətə açıqdır.
Yeri gəlmişkən, Qrenlandiyanın yerləşdiyi Arktika bölgəsi uzun illərdir ki, ABŞ, Rusiya və Çin arasında nüfuz uğrunda mübarizəyə səhnə olub. Tramp həmçinin Rusiyanın hərbi ekspansiyasına və Çinin artan iştirakına qarşı çıxmaq üçün Arktikada ABŞ-ın təsirini artırmağa çalışır.
2019-cu ildə, ilk prezidentlik dövründə Tramp artıq Danimarkaya adanı almağı təklif etmişdi.
Lakin sonra Kopenhagen Amerika liderinin təklifini kəskin şəkildə rədd etdi və ölkənin baş naziri Mette Frederiksen bunu “absurd” adlandırdı.
Qrenlandiyanın ABŞ və Danimarka ilə münasibətləri geosiyasi maraqlar, hərbi strategiya və iqtisadi problemlərlə bağlı özünəməxsus xüsusiyyətlərə malikdir.
2 milyon kvadrat kilometrdən çox ərazini əhatə edən ada 1721-ci ildə Danimarka-Norveç Krallığının müstəmləkəsinə çevrilib.
Qrenlandiya İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın protektoratına çevrilib. 1945-ci ildə müharibə başa çatdıqdan sonra ada Danimarkaya qaytarılıb. 1943-cü ildə ABŞ Şimali Atlantikada maraqlarını qorumaq üçün burada hərbi baza qurub.
1946-cı ildə ABŞ prezidenti Harri Truman adanın geosiyasi və strateji əhəmiyyətinə görə Qrenlandiyanı Danimarkadan 100 milyon dollara qızıl almağı təklif edib Danimarka bu təklifi rədd edib, lakin ABŞ-a adada hərbi mövcudluğunu saxlamağa icazə verib.
1979-cu ildə Danimarka Qrenlandiyaya özünüidarəetmə hüququ verib, ölkə xarici əlaqələr, müdafiə, pul məsələləri və adanın hüquq sistemi də daxil olmaqla bir sıra sahələrə nəzarəti özündə saxlayıb.
Bizim.Media