Ümumi təhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların hesabat konfransı keçirilib.
AzEdu.az xəbər verir ki, Bakı şəhəri 53 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Yasamal rayonu ümumi təhsil müəssisələrini əhatə edən konfransda Bakı Dövlət Universitetinin dosenti, fizika üzrə fəlsəfə doktoru Şirxan Hümbətov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosentləri, biologiya üzrə fəlsəfə doktoru Təranə Abdullayeva, kimya üzrə fəlsəfə doktoru Nigar Babayeva, məktəb direktorları, “Kiçik Akademiya” rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransda çıxış edən 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova “Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsədin yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarət olduğunu bildirib.
Konfransda çıxış edənlər şagirdlərdə tədqiqat işinə marağın artırılmasında böyük rolu olan "Kiçik Akademiya"ların səmərəli fəaliyyətində uğurlar arzu ediblər.
Yasamal rayonu ümumi təhsil müəssisələri üzrə mərkəz "Kiçik Akademiya"nın rəhbərləri il ərzində görülən işlər, əldə edilən uğurlar və gələcək hədəflər haqqında məlumat veriblər.
Konfransda şagirdlər üzərində çalışdıqları elmi-tədqiqat işlərini təqdim ediblər.