AZ

Naxçıvanın 2025-ci il büdcəsinin layihəsi Ali Məclisdə təsdiq olunub

Dekabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib.

“İki sahil” xəbər verir ki,  Ali Məclisin mətbuat xidmətindən bildirilib ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (üçüncü oxunuş);

2. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarının layihəsi.

Gündəlikdə duran birinci məsələ ilə bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, qanun layihəsi dekabrın 23-də Ali Məclisin iclasında ikinci oxunuşda müzakirə edilib və aparıcı komitə tərəfindən üçüncü oxunuş üçün Ali Məclisin iclasının gündəliyinə salınıb.

Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev qanun layihəsi barədə məlumat verib.

Sonra “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov muxtar respublikanın sosial-iqtisadi inkişafı və 2025-ci il Naxçıvan Muxtar Respublikasının büdcəsi barədə çıxış edib.

Gündəlikdə duran ikinci məsələnin müzakirəsi zamanı qeyd olunub ki, Ali Məclisin Daxili Nizamnaməsinin 56-cı maddəsinə əsasən xərclər smetası növbəti ilin büdcəsinə baxılarkən təsdiq edilir. Buna müvafiq olaraq “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” qərar layihəsi hazırlanıb.

Ali Məclis Aparatının İqtisadi məsələlər şöbəsinin müdiri Nihad Möhbalıyev Ali Məclisin 2025-ci il xərclər smetası haqqında məlumat verib.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərar layihəsi səsə qoyularaq qəbul edilib. Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası öz işini başa çatdırıb.

Seçilən
2
8
ikisahil.az

10Mənbələr