AZ

2025-ci ildə devalvasiya gözlənilmir - Mərkəzin Bankın sədri VƏD ETDİ

Mərkəzi Bankın sədri Taleh Kazımov dünən axşam 12 iqtisadçı-eksperti qəbul edib. Üç saatdan çox davam edən görüş bir sıra məslələrin müzakirəsilə yadda qalıb.

Modern.az xəbər verir ki, bu barədə həmin görüşün iştirakçısı, iqtisadçı-hüquqşünas Əkrəm Həsənov bildirib.

“Səmimi və açıq söhbət oldu. Pul siyasəti, faizlər, milli valyuta, kreditlər, kartlardan oğurlanan vəsait, kredit təşkilatlarına nəzarət, lombardlar, ləğv prosesində olan banklar və digər məsələlər ətrafında geniş müzakirələr oldu. Taleh Kazımov suallara dolğun cavablar verirdi, ekspertlərlə razılaşdığı və razılaşmadığı məqamları birmənalı bildirirdi, buna görə kiçik mübahisələr də oldu. Təbii ki, əsas mövzulardan biri növbəti ildə manatın məzənnəsi idi. Müzakirə zamanı səsləndirilmiş rəqəmlərdən və baş bankirin arqumentlərindən görünür ki, 2025-ci ildə devalvasiya gözlənilmir. Mən də böyük ehtimalla bu inamı bölüşürəm”, - ekspert deyib.

Görüşün digər iştirakçısı - iqtisadçı Natiq Cəfərli də təəssüratlarını bölüşüb.

“Mərkəzi Bank yaxşı bir ənənə yaradıb, iqtisadçılarla, ekspertlərlə tez-tez görüşlər keçirib fikirlərimizi soruşur, tənqidlərimizə diqqətlə qulaq asırlar. Bu dəfə də səmimi, açıq, maraqlı mübahisələrlə, fikir mübadilələri ilə dolu görüş oldu.
Mən 3 məsələ qaldırdım, hər biri ilə bağlı cavablar aldım, hətta 2 vacib problemin həlli ilə bağlı yaxın günlərdə addımlar atılacağını da söylədilər”.

N.Cəfərli deyib ki, onun qaldırdığı məsələlərdən biri bəzi sahibkarlaın haqsız yerə cəzalandırılması ilə bağlı olub:

“Son günlər aqrar məhsullar ixrac edən və qazancın tamamını və ya bir qismini ölkəyə gətirməyən, ya da gətirə bilməyən iş adamlarına qarşı kütləvi şəkildə cinayət işləri açılır, onlarla şəxs saxlanılıb, və ya istintaq altındadır. Taleh müəllimə söylədim ki, bu hadisələr ölkədə zatən yumşaq desəm, yaxşı olmayan biznes mühiti haqqında olan təsəvvürləri daha da pisləşdirir. Bundan başqa, ciddi araşdırma aparılmadan bir neçə min dollara görə insanlar həbs və təqib olunurlar. Taleh müəllim dedi ki, bu məsələ dövlət rəhbəri səviyyəsində qaldırılıb, müzakirə edilib və gələn ildən yeni yanaşma tədbiq olunacaq, ciddi araşdırma olmadan heç kəs təqib edilməyəcək. Beləliklə, son aylar ölkədə yeni bir fenomen – “pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq ki, bu da sevindiricidir. Bizim əsas fokus-qrupumuz kiçik-orta sahibkarlardır, onların güclənməsi, ayaqda möhkəm dayanmaları ölkənin də güclənməsi deməkdir – buna inanırıq, onların hüquqlarını müdafiə etməkdə davam edəcəyik”.

N.Cəfərli görüşdə qaldırdığı digər məsələləri də sadalayıb:

“Son zamanlar ölkədə minlərlə vətəndaş ölkə banklarının təklif etdiyi online platformalar “app”lər vasitəsi ilə qiymətli kağızlar bazarında alqı-satqı edir, bu trend getdikcə artır.
Amma hələ ki bu əməliyyatların vergilərə cəlbi mexanizmi, yumşaq desəm, mükəmməl deyil, ciddi boşluqlar var, belə davam etsə, bir müddət sonra “app məhbusları” yaranacaq. Bu məsələni də diqqətə çatdırdım.

Sonuncu məsələ kimi gələn il büdcədə neftin qiymətinin 70 dollar götürülməsinin riskli olmasını, bunun manatın məzənnəsinə basqı yaradacağını söylədim. Taleh müəllimin yanaşması belə oldu ki, risklər idarəolunandır, devalvasiya təhlükəsi yox səviyyəsindədir, Mərkəzi Bankı devalvasiya istəmir və çox güman, 2025-də belə bir təhlükə görünmür”.

A.Qorxmaz

Seçilən
5
2
modern.az

3Mənbələr