Bakı, 29 dekabr, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) VII Beynəlxalq "World Harmony" müsabiqəsinin bağlanış mərasimi keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, bu müsabiqə gənc musiqiçilərin bacarıqlarını nümayiş etdirmək və beynəlxalq səviyyədə tanıtmaq baxımından mühüm bir platformaya çevrilib. Müsabiqənin münsiflər heyətinin sədri, Xalq artisti, BMA-nın rektoru professor Fərhad Bədəlbəyli, həmsədri isə akademiyanın tədris işləri üzrə prorektoru Əməkdar müəllim, professor Nərminə Quliyeva olub. Beynəlxalq münsiflər heyətində müsabiqənin təsisçisi Tsinino Biçikaşvili (Gürcüstan), professorlar Rustam Şayxutdinov (Rusiya), Deividas Staponkus (Litva), Ala Bendoraitiene (Vilnus və Kosta-Rika Musiqi Akademiyaları), Bilgutay Öztürk (Türkiyə) və Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti təmsil olunub.
Professor Nərminə Quliyeva çıxış edərək səkkiz nominasiya, 4 və 5 yaş kateqoriyası üzrə keçirilən müsabiqənin əhəmiyyətindən danışıb. O, bu müsabiqədə ənənəvi nominasiyalardan başqa, fortepiano, simli və nəfəsli alətlər, konsertmeyster sinfi, xor-dirijorluq sinfi, ümumi fortepiano, kamera ansamblı kimi nominasiyaların əlavə olunmasını qeyd edib. Sadalanan xüsusiyyətlərə görə “World Harmony” beynəlxalq müsabiqəsi tarixində belə böyük miqyaslı müsabiqənin məhz Azərbaycanda keçirilməsindən qürur duyduğunu bildirib. Həmçinin gənc istedadların bacarıqlarının üzə çıxarılmasında bu müsabiqənin mühüm rolundan söz açıb, əhəmiyyətini vurğulayıb və qalib ifaçıları təbrik edərək onlara yeni nailiyyətlər arzulayıb.
Beynəlxalq münsiflər heyətinin üzvləri Tsinino Biçikaşvili, Vilnus və Kosta-Rika Musiqi Akademiyalarının professoru Ala Bendoraitiene, professor Rustam Şayxutdinov müsabiqənin yüksək səviyyədə təşkil olunmasından məmnunluqlarını qeyd edib, öz ürək sözlərini bölüşüblər.
Onlar bu müsabiqənin yalnız iştirakçılar üçün deyil, həm də ümumilikdə musiqi sahəsinin inkişafı üçün mühüm bir addım olduğunu qeyd ediblər. Müsabiqənin həm yerli, həm də beynəlxalq miqyasda gənc musiqiçilərin tanıdılması və onların istedadlarının qiymətləndirilməsində əvəzsiz rol oynadığını bildiriblər.
Qalib ifaçıların qala konsert proqramından sonra müsabiqənin iştirakçıları mükafatlandırılıb.
Qeyd edək ki, gənc istedadlı musiqiçiləri bir araya gətirən “World Harmony” müsabiqəsinin paytaxt Bakımızda, dahi Üzeyir bəyin ocağında yüksək səviyyədə təşkil olunmasını xarici ölkələrdən müsabiqəyə təşrif buyuran bütün iştirakçılar rəğbətlə qarşılayıb.