AZ

Yəhudilərin ən çox yaşadığı şəhərlər - Rusiyada

Dünyanın hər yerinə səpələnən yəhudilərin ən çox məskunlaşdığı ölkə Rusiyadır. Onların Rusiyaya gəlməsi və  əsasən ölkənin qərbində yerləşmələri haqqında ötən yazımızda məlumat vermişdik. İkinci Dünya Müharibəsində soyqırıma məruz qalan yəhudilərin Avropadan deportasiyası, onların arzuolunmaz şəxslərə çevrilmələri bu xalqın ruhunu qıra bilməyib. Əsir düşərgələrində 6 milyon yəhudi qətlə yetirilib, sağ qalanlar mənəvi-psixoloji sarsıntılarla üzləşiblər. İkinci Dünya Müharibəsi başa çatandan sonra isə İsrail dövləti yaradılıb. İsrailin yaranmasının ilk illərində dünya yəhudilərinin əsas hissəsi SSRİ-də yaşayırdı. Müharibədən sonra SSRİ əhalisinin iki milyondan çoxu yəhudilər idi. Daha sonra onların İsrailə və ABŞ-a mühacirəti səbəbindən SSRİ-dəki yəhudilərin sayında azalma müşahidə olundu.

1991-ci ildə Sovet İttifaqı dağılan zaman ölkədə təxminən 1,5 milyon yəhudi qalmışdı. Onların əsas hissəsi də İsrailə köçdü. Tarixi vətənlərində SSRİ-dən köçənlər “Böyük Sovet Aliyəsi” adlanır və onlar peşə bacarıqlarına görə yüksək qiymətləndirilir. Amma Rusiyadan yəhudilərin kökü kəsilmədi. Üstəlik, təbii artım və ya əks emiqrasiya səbəbindən onların sayı bir qədər də artıb. İndi Rusiyadakı yəhudi ailələrinin sayı 150 mindən çoxdur. Bu göstərici ilə Şimal qonşumuz dünyada yeddinci yerdədir.

Yəhudilər hansı şəhərlərdə yaşamağa üstünlük verirlər?

Yekaterinburqda 1930-cu illərdə yəhudi mütəxəssislərin – inşaatçıların, mühəndislərin və idarəçilərin də iştirakı ilə sənayeləşmə başladı. Müharibə illərində şəhərdə daha çox müəssisə var idi və bunlar əsasən hərbi istehsal, metallurgiya və ağır sənayeni təşkil edirdi. Kadrların təhsilinə söz ola bilməzdi. Uralın paytaxtı yəhudilərin məskunlaşmasına görə yeddinci yerdədir.

Siyahıda 6-cı yerdə Rostov şəhəri gəlir. Çar dövründə yəhudilərin burada məskunlaşması qadağan edilmişdi. Lakin sonra qadağa aradan qaldırıldı. Rostovda yəhudilərin sayı çoxalmağa başladı. Hazırda şəhərdə sinaqoq, bir neçə yəhudi məktəbi var və yəhudi infrastrukturunun daha da genişləndirilməsi planlaşdırılır.

Rusiya yəhudilərinin məskunlaşdığı şəhərlər arasında Nijni Novqorodun adı beşinci çəkilir. Bura bir vaxtlar Rusiyanın ən böyük yəhudi məskənlərindən biri idi. Rusiya imperiyası dövründə ölkənin hər yerindən tacirlərin ticarətə can atdığı Nijni Novqorodda ən böyük kənd təsərrüfatı yarmarkası keçirilirdi. Onların da çoxu yəhudilər idi.

Dördüncü yerdə Samara şəhəridir. Samaraya ilk yəhudi ailəsi 19-cu əsrin ortalarında gəlib. Daha sonra onların sayı sürətlə artmağa başlayıb. Yeni gələnlər bölgənin sənayeləşməsində önəmli rol oynayıblar. 19-cu əsrin sonunda onlara öz sinaqoqlarını tikməyə icazə verilib. 1908-ci ildə ilk sinaqoqun açılışı olub.

Rusiyanın ən böyük şəhərlərindən hesab olunan Yekaterinburq yəhudilərin ən çox məskunlaşdığı üçüncü şəhərdir. Samarada olduğu kimi burada da ilk məskunlaşan yəhudilər orduda xidmət edən əsgərlər idi. Sonradan sahibkarlar görünməyə başladı və sovet illərində şəhərdə kifayət qədər yəhudi yaşayırdı. İmperiya dövründən yəhudilərin əsas mərkəzi olan Sankt-Peterburq şəhəri ikincidir. Rusiyanın şimal paytaxtında çoxlu yəhudi təşkilatları və bir neçə sinaqoq var.

Siyahıya təbii ki, paytaxt Moskva başçılıq edir. Rusiya Federasiyasının ən böyük yəhudi təşkilatları Moskvada yerləşir. Paytaxtdakı yəhudilərin çoxunun fəaliyyəti təkcə Rusiya ilə bağlı deyil. Moskva dünya yəhudilərinin də istinad nöqtəsidir.


Seçilən
610
27
news365.az

10Mənbələr