AZ

Faiq Hacıyev: “Bizə bir qələbə lazımdır”

“Turan Tovuz”un futbolçusu Faiq Hacıyevin futbolinfo.az saytına müsahibəsi

– Premyer Liqanın XVI turunda “Neftçi”yə minimal hesabla məğlub oldunuz. Oyun istədiyiniz məcrada keçdi?

– Matça çox yaxşı hazırlaşmışdıq. Erkən qol buraxmağımıza baxmayaraq, toparlandıq və dərhal bərabərlik topunu vurduq. Oyunu yaxşı keçirirdik, “Neftçi”dən heç də geri qalmırdıq. Hətta rəqibdən daha yaxşı idik. Ancaq nəticə “Neftçi”nin xeyrinə oldu. Qalan görüşlərdə maksimum nəticə əldə edərək, qış fasiləsinə yüksək motivasiyada yollanmağa çalışacağıq.

– İki dəfə hesabda geri düşsəniz də, hər iki halda bərabərlik topunu vurdunuz. Üçüncü qola cavab verməyinizə nə çatmadı?

– Sizin də qeyd etdiyiniz kimi, iki dəfə hesabı bərabərləşdirdik. Önə də keçə bilərdik. İkinci hissəyə biz daha yaxşı başlamışdıq, rəqib oyunu geridən qururdu. Gözləmədiyimiz anda qol buraxdıq. Üstünlük bizdə idi. Ancaq istədiyimiz qolu vura bilmədik. Əvəzində “Neftçi” üçüncü qolu vurdu. Onlar ələ düşən şanslardan daha yaxşı istifadə etdilər. Bu matçdakı çıxışımızı analiz edib, qarşıdakı oyunlara qələbə əzmi ilə çıxacağıq.

– Hesab 1:1 olarkən komanda yoldaşınız Otto Con qapıçı ilə təkbətək şansı reallaşdıra bilsəydi, önə keçəcəkdiniz. Bəlkə matçın qırılma anı həmin epizod oldu?

– Futbolda belə hallar olur. Bəlkə də hesabı 2:1 xeyrimizə etsəydik, daha yaxşı oynayardıq. Otto başqa epizodda fərqlənməyi bacardı. 2:2 hesabını da saxlaya bilərdik, alınmadı.

– Oyun sərt məcrada keçdi və komandanız hakimlikdən tez-tez narazılıq edirdi. Özünüzə qarşı qərəz hiss edirdiz?

– Hər oyuna aqressiv hazırlaşırıq. “Neftçi” də Azərbaycanın flaqmanıdır. Onlarla oyunlar gərgin keçir. Hakimliklə bağlı nəsə demək istəmirəm. Nəsə desəm belə, heç nə dəyişməyəcək.

– Artıq 5 turdur qələbə qazana bilmirsiniz. Bu enişin səbəbi nədir?

– Oyunumuzda enişin olması fikri ilə razı deyiləm. Əksinə, daha yaxşı çıxış edirik. Ötən beş görüşün hər birində qol imkanlarımız olub. Bəzən hətta rəqiblərdən də yaxşı oynamışıq. Sadəcə, imkanları dəyərləndirə bilməmişik. Şanslardan yararlana bilsək, hər şey bizim üçün daha yaxşı olacaq. Düşdüyümüz vəziyyətdən çıxmağa çalışacağıq. Hər bir komanda bu durumla üzləşə bilər. Qış fasiləsi öncəsi son iki turda maksimum gücümüzü ortaya qoyacağıq.

– Sonuncu pillədə yer alan sabiq komandanız “Qəbələ” ilə aranızda 5 xallıq fərq var. “Qəbələ” və “Kəpəz”lə mübarizədən məğlub ayrılaraq elitanı tərk etmək təhlükəsi sizi narahat etmir?

– İndi hansı komandanın aşağı liqaya düşəcəyini demək olmaz. Çünki çempionat uzun marafondur, qarşıda hələ iki dövrə var. İndidən bu barədə düşünərək özümüzü motivasiyadan sala bilmərik. Daha yaxşısını edərək mövsümü mümkün qədər yuxarı pillələrdə bitirməyə çalışacağıq. Sabiq komandam “Qəbələ” də yaxşı komandadır. Açığı, onların bu durumda olması mənim üçün də xoş deyil. Aşağı pillələrdəki komandalar elitada qalmaq üçün sona qədər vuruşacaqlar. Bizi qızğın rəqabət gözləyir.

– Dediniz ki, qarşıdakı iki turda maksimum nəticə toplamaq istəyirsiniz. “Zirə” və “Araz-Naxçıvan” önündə şanslarınızı necə görürsünüz?

– “Neftçi” ilə oyunu təhlil edib, səhvlərimiz üzərində çalışacağıq ki, onları minimuma endirək. Növbəti rəqibimiz “Zirə”dir. Onlar da mövsümə uğurlu başlayıblar. Heç bir komandadan çəkinməməliyik. Yuxarı pillələrə qalxmaq üçün bizə bir qələbə lazımdır. Əvvəlki matçlardakı kimi, “Zirə” önünə də 3 xal qazanmaq üçün çıxacağıq.

– Yəqin razısınız ki, çempionatdan avrokuboklara çıxmağınız çox çətindir. Ölkə kubokunu qazanmaqla bunu reallaşdıra bilərsiniz. Kubokda şansınızı necə görürsünüz?

– Düzdür, kuboku qazanan avrokuboklara yollanacaq. Düşünürəm ki, ölkə kubokunda mübarizə çempionatdan daha gərgin keçəcək. Komandaların hamısı bu titulu əldə etmək istəyəcək. Biz də kubokda mümkün qədər irəliləmək istəyirik. Təbii ki, biz də kuboku qazanmaq istərdik. Bacaracağıqsa, niyə də olmasın? Amma indiki durumda irəliləmək barədə düşünürük.

– Öz çıxışınızdan razısınız? Gələcəkdə millinin formasını geyinmək şansınızı necə görürsünüz?

– Öz çıxışım haqda nəsə deməyim düz çıxmaz. Baş məşqçinin qiymət verməsi daha yaxşı olar. Ayxan Abbasovun rəhbərliyi altında performansım daha da artıb. Bundan da yaxşı olmaq istəyirəm. Hər bir futbolçu kimi, millinin formasını geyinmək mənim də arzumdur. Bunun üçün çalışıram. Amma ilk növbədə klubumda daim start heyətində yer almalıyam. Yığmanın yeni baş məşqçisi hələ bəlli deyil. Yeni çalışdırıcı bəyənərsə, dəvət edər. Çağırılmasam belə, dayanmayacağam, üzərimdə çalışacağam.

ABBAS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
315
50
futbolinfo.az

10Mənbələr