AZ

"Azərbaycançılıq ideoloji kursu əslində düşmənə qarşı bir müharibə proqramına çevrildi" - Zahid Oruc

"90-cı illərdə gerçəkdən də Azərbaycanın etnik, milli parçalanması, hərbi təcavüzün yaratdığı humanitar fəlakət 100 minlərlə insanımızın öz doğma torpaqlarını tərk etməsi, işğal, təhlükəsizlik problemləri, o cümlədən mərkəzi hakimiyyətin öz üzərinə düşən vəzifələri yerinə yetirməməsi, bunun üzərində də daha artıq dərəcədə vətəndaş müharibəsi təhlükəsi, ondan sonrakı dövrdə birləşdirici ideyaları tələb edirdi. Elə bir kurs seçilsin ki, Azərbaycanda 1000 illərlə yaşayan bütün etnik, milli zümrələri, topluluqları xalqları bir araya gətirsin, vahid bayraq altında birləşdirsin və ən nəhayətdə onların bütün sahələr üzrə yaradıcı gücü meydana gətirilsin və ondan istifadə olunsun. Azərbaycan həqiqətən də bu mənada bir milli birlik ünvanına çevrilsin. Bundan ötrü ulu öndər Heydər Əliyev tərəfindən azərbaycançılıq ideoloji kursu, ya doktrinası irəli sürüldü. Elə hesab edirik ki, həmin dövr üçün, xüsusilə də etnik əlamət üzrə separatizm yayan xarici mərkəzlər öz qarşılarında güclü bir ideoloji sipər gördülər".

Bu sözləri Redaktor.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc azərbaycançılıq ideyasının təbliği barəsində danışarkən deyib.

Onun fikrincə, əslində biz qələbəyə, həmin xəttin, həmin yolun hesabına gəldik:

"O, kurs özünü doğrultdu və bu, əslində elə düşmənə qarşı bir müharibə proqramına çevrildi. Heç bir etnik mənsubiyyət daşıyıcısı, bir insan özünün mədəniyyətinə, həyatına, ənənələrinə, şivəsinə, sözünə, hecasına basqı edilmədiyi şəraitdə “bu vətən üçün mən qanımı, canımı verərəm” duyğusuna gəlib çatdı. Məhz ona görə də burada biz ləzgi, talış, yaxud da ki, başqa hansı bir etnik mənsubiyyətə malik olmağından asılı olmayaraq, heç birinin arasında xüsusi bir fərq qoyulmadan onlar vahid səngəri, vahid taleni bölüşdülər. Bütün Azərbaycan bir millət, bir dövlət ideologiyasında bir lider şüarında savaşa atıldı və qalibiyyəti əldə etdi. Əlbəttə, açıq demək lazımdır ki, bundan sonra bir çoxları hesab edir ki, indi bizim yeni milli kimliyə qovuşduğumuz üçün, millətimizin həyatında kəskin dönüş və qalxınma baş verdiyinə görə, bəlkə azərbaycançılıqdan sonrakı dövrün də ideallarını biz tapmağı bacarmalıyıq. Yəni Qarabağ öz özlüyündə milli şüuru, milli yetkinliyi, milli özünüdərki inkişaf etdirdi və dövlət bu xəttin üzərində illərlə resurslarını xərclədi. Əslində İlham Əliyev bunu həm də gəncliyə ötürə bildiyinə görə qürur duyur ki, Azərbaycan gəncliyi torpaq hissini, Vətən hissini yüksək tutur. O, bu məkana, bu coğrafiyaya sadəcə bir ərazi vahidi kimi baxmır, statistika nöqteyi-nəzərdən qiymətləndirmir, yaxud məişət probleminə, sosial ehtiyacına görə deyil, Azərbaycan vətəndaşı sözün həqiqi mənasında bütün qayğılarını unutdu. Məmura münasibəti, hansı hakimiyyət qolunda ona qarşı edilmiş bir haqsızlığı əsas götürsəydi düşmənə qarşı dediyimiz bu vahid bir yumruğa çevirmək də mümkün olmazdı. O yumruq əslində millətin yumruğudur. Etnik, milli topluqların vahid bir idealda birləşməsinin yumruğudur, yoxsa onu başqa formada təsəvvürə gətirmək də qeyri-mümkündür? Gələcək dövrdə Azərbaycanı birləşdirən ideallar nə olacaq? Bizim akademik institutlar, elmi ictimaiyyətimiz, fikir adamlarımız, qələm adamlarımız, ədəbiyyat, mədəniyyət sahəsində çalışan insanlarımız, zəfəri, bax, bu ideallara daşımağı bacarmalıdır. Zəfər melodiyaları, zəfər mədəniyyəti, zəfər kültürü, zəfər ideologiyası, zəfər, yəni bir dövlət və millət kursudur. Hətta kiminsə üçün, bəlkə o adda belə demək mümkündürsə, bir hazırlıq kursları yaradar və bəlkə də var".

Deputatın sözlərinə görə, məqsəd milləti yeni ideyalara daşımaqdır.

"Axı 30 ildən çox dövr sırf millətin Qarabağa köklənməsi ilə keçdi. İndi bundan sonrakı dövrdə biz istəyirik ki, əlbəttə, Qarabağ problemi, coğrafiyası deyil, ərazi yox, oradakı quruculuq, qayıdış yox, problemin özü, yaranın özü, dərdin özü keçmişdə qalsın və Azərbaycan öz gələcəyini bu yara olmadan daha yeni hədəflər uğrunda qursun. İndi hələ ki, bu qonşuluq sözü yavaş-yavaş dövriyyəyə qayıdır. Təəssüf olsun ki, Ermənistanın işğalçılıq səbəbinə görə illərdir ki, hətta bəlkə ictimai həyatımızda da o termin leksionlardan belə çıxmışdı. İndi bu termin qayıdır və biz Ermənistanın qonşu olmağını istəyirik, amma normal qonşu olmağını istəyirik. Çünki coğrafiyalar dəyişmir. Onlar da, biz də heç bir başqa qitəyə köçəsi deyilik və bizim bundan sonrakı 35 illik gələcəyimizi, millətimizin gələcəyini yeni ideallar üzərində qurmaq istəyirik. Quruculuq idealları üzərində, qayıdış ideallar üzərində qurmaq istəyirik. Başqa fərqli strateji hədəflər seçmək istəyirik. Bu illər ərzində Qarabağa nə xərclənib və ya nə xərclənməyib ki? Hər bir millətin tikəsi Qarabağa qoyulub. İndi millət Qarabağdan da o cür faydanı götürmək istəyir ki, gələcəyi elə qurulsun ki, artıq bu yara onun bədənində sağalmış olsun, Azərbaycan özünün tamlığını, bütövlüyünü hiss eləsin və bunu vətəndaş da hiss eləsin. Həmin o müəyyən ehtiyacını bir kənara qoyub döyüşə atılan insan da hiss eləsin. İmkanlı da hiss eləsin, lap varlı da hiss eləsin. Ümumilikdə, yəni zəfər sonrakı dövr Vətənin quruculuğunda, dediyiniz o ideologiyaların, yeni azərbaycançılığın əvəzini tutacaq. Yenə də o fundament olaraq qalır. Ümumi Qafqaz evi və yaxud da ki, Qafqazda ticarət ortaqlığı və sair kimi iddialar irəli sürürlər ki, gələcəyin kursu olsun. Olsun. Bunların hamısı təbii ki, ictimaiyyətdə yaşarlılığını göstərəcək. Amma insanlar bundan fayda görmək istəyirlər. Bizdə yeni bir dənə ideologiyanı irəli sürsünlər. Sadəcə dərsliklərə, kitablara, ədəbiyyata yansıyan, proqramlara, hansısa nəzəri çıxışlara təsir edən bir hadisə olacaqsa onun millət tərəfindən qavrayışı, qəbulu baş verməyəcək. Əsas fayda götürsün. Hamı bundan yararlana bilər", - deyə Zahid Oruc yekunlaşdırdı.

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "azərbaycançılıq ideyasının təbliği - "Heydər Əliyev İli"" mövzusunda dərc olunub.

Həmidə İBRAHİMLİ

2
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
349
50
redaktor.az

10Mənbələr